Ağdam rayonunun Yusifcanlı və Qarağacı, Cəbrayıl rayonunun Cocuq Mərcanlı və Qaracallı, Laçın rayonunun Suarası və Füzuli rayonunun Qorqan və Qarakollu kəndlərində yerləşən qəbiristanlıqların minalı olması ilə bağlı dəqiq məlumatlar var.
“Report”un xəbərinə görə, bununla bağlı məlumat “Minalar Əleyhinə Azərbaycan Kampaniyası” İctimai Birliyi tərəfindən hazırlanan “Azərbaycanda minalar və partlamamış hərbi sursatlar probleminin həllinə yönəlmiş tədqiqata əsaslanan hesabat”da əksini tapıb.
Hesabata əsasən, təşkilatın monitorinqləri zamanı müəyyən edilib ki, Yusifcanlı və Suarası məzarlıqlarında baş vermiş mina partlayışları nəticəsində üç nəfər həlak olub, dörd nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Laçın rayonunun Zabux, Sus kəndlərinin yaşayış məntəqələrində həyətyanı evlərdə quraşdırılmış improvizə olunmuş partlayıcı qurğuların işə düşməsi nəticəsində bir nəfər xəsarət alıb.
Bundan başqa, hesabatda qeyd olunub ki, Füzuli rayonunun Qarğabazar kəndi ərazisində Şah Abbas karvansarayı, Merdinli kəndində Pirlər türbəsi, Qorqan kəndi ərazisində İbə piri (ziyarətgah), Ağdam rayonunda Cümə məscidi, Tərtər rayonundakı alban kilsələrinin ətrafında müxtəlif sayda partlayıcı sursatlar aşkar edilərək zərərsizləşdirilib.
Rəylər