Öndə iki polis maşını gedir. Arxada isə jurnalistləri aparan avtobus sürətlə hərəkət edir. Rayonları bir-bir geridə qoyuruq. Yolumuz uzaqdır. Ona görə də mümkün qədər ləngiməməyə çalışırıq. Necə deyərlər, zamanla yarışırıq. Arada bir avtobusun salonunda canlanma yaranır. Son ictimai-siyasi prosesləri müzakirə edirik. Milli Məclisin deputatı Qənirə Paşayevanın vəfatından Qarabağdakı son hadisələrə, Rusiya-Ukrayna müharibəsindən qiymət artımına qədər xeyli məsələ barədə danışırıq. Nə edək? Jurnalistin sərvəti informasiya, silahı sözdür. Bu qədər media işçisi də bir araya gələndə müzakirələr, hətta mübahisələr mümkündür. Bir azdan səssizlik olur, ardınca isə yenidən bir mövzu tapılır. Beləcə, zamanın necə keçdiyini hiss etmirik.
Təxminən saat 2-də Ağdama çatırıq və Sırxəvənd kəndinə gedirik. Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti idarəsinin rəisi Elşad Hacıyev jurnalistlərə məlumat verir ki, burada 10 hektardan çox narkotik plantasiyası və 4 “Kalaşnikov” avtomatı aşkarlanıb. Onun sözlərinə görə, terrorçular bu avtomatlarla narkotik tərkibli bitkilərin becərildiyi ərazini qoruyublar.
Xocalı...
Ərazi ilə tanış oluruq. İşimiz bitdikdən sonra Xocalıya yola düşürük. Deyilənə görə, saat yarımlıq yolumuz var. Vaxtilə işğal altında olan ərazilər arasında Xocalı mənim üçün həmişə xüsusi əhəmiyyətli olub. Bildiyimiz kimi, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri Rusiyanın 366-cı motoatıcı alayının iştirakı ilə Xocalı şəhərini işğal edərkən orada azərbaycanlılara qarşı amansız soyqırımı etmişdilər. Bu əməllər mütəşəkkil formada həyata keçirilmişdi. Xocalı soyqırımı nəticəsində 63-ü uşaq, 106-sı qadın, 70-i qoca və qarı olmaqla, 613 Xocalı sakini qətlə yetirilib, 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib. Düşmən gülləsindən 76-sı uşaq olmaqla, 487 nəfər yaralanıb. 1275 nəfər əsir götürülüb. Əsir götürülənlərdən 150 nəfərinin, o cümlədən 68 qadın və 26 uşağın taleyi bu günədək məlum deyil.
Qiyamətə qalmayan qisas...
Nə yaxşı ki, ədalət təmin olundu. Hərçənd, biz torpaqlarımızı azad edərkən intiqam almamışıq. Ədalətlə döyüşmüş, sivilləri hədəf almamışıq. Sonrakı proseslərdə də erməni sakinlərin “Laçın” sərhəd-buraxılış məntəqəsindən rahat, təhlükəsiz keçidinə şərait yaratmağımız, reinteqrasiya ilə bağlı təkliflərimiz, uşaq və qadınlara qarşı diqqətli davranmağımız da buna bariz nümunədir... Halbuki, erməni terrorçular işğal dövründə qandonduran amansızlıqlar ediblər.
Xocalıda aşkarlanan daha iki narkotik plantasiyasında olduq. DİN sözçüsü jurnalistlərə məlumat verərək terrorçuların Qarabağın işğalı dövründə narkotik vasitələrin əkin-biçini ilə fəal məşğul olduğunu vurğuladı: “Biz həmin dövrdə beynəlxalq ictimaiyyəti daim məlumatlandırırdıq. Ermənilər isə əməllərini danırdılar. Artıq onların əməlləri sübut olunub. Separatçılar narkotik maddələri daha çox yaşayış yerlərinə yaxın ərazilərdə əkib-becəriblər. Çünki bu əməllərindən həm də gəlir mənbəyi kimi istifadə edirdilər. İstisna deyil ki, yerli əhali də bu işlərə cəlb olunub”.
DİN rəsmisinin sözlərinə görə, sözügedən əməllərlə bağlı cinayət işləri açılıb: “Əraziyə mütəxəssislər cəlb olunub. İlkin hesablamalara görə, narkotik maddələrin istehsalına milyonlarla dollar vəsait sərf olunub. Bu ərazi hələ də təhlükəlidir. Ermənilər buranı ciddi şəkildə minalayıblar. Xüsusilə, sürpriz minalara tez-tez rast gəlinir”.
Əlbəttə, hər iki məsələ - həm ərazinin narkotik istehsalı və tranziti üçün istifadə edilməsi, həm də torpaqlarımızın minalanması onu deməyə əsas verir ki, ermənilərin Qarabağla bağlı heç bir xoş niyyətləri olmayıb.
Dünyanın 30 il görmədiyi həqiqət
Xocalıda bizimlə bərabər səfərdə olan xarici jurnalistlər də eyni fikirdədirlər. Türkiyəli həmkarımız Hayati Başarslan bizimlə söhbətində bildirdi ki, ermənilərin ərazini minalaması və burada narkotik əkib-becərmələri humanizmə qarşı atılmış addımlardır və qəbuledilməzdir: “Təəssüf ki, erməni terrorçuların cinayətləri beynəlxalq ictimaiyyəti, dünya mediasını o qədər də maraqlandırmır. Gəlib, çəkib gedirlər. Halbuki, burada ciddi araşdırmalara ehtiyac var”.
Həqiqətən də beynəlxalq ictimaiyyət 30 il ərzində Azərbaycan həqiqətlərini görməzdən gəldi. Susdu. Erməni separatçılarının vandallıqlarının heç birinə adekvat reaksiya verilmədi. Elə buna görə də Azərbaycan öz işini özü həll elədi, Türkiyə türklərinin dediyi kimi, “kendi göbeğini kendi kesdi”...
Əsrarəngiz Əsgəran
Əsgəranda bir musiqi məktəbinin yanında avtobusdan enərkən ərazidəki polis əməkdaşları ilə həmsöhbət oluruq. Deyirlər ki, ermənilər buradan tamamilə çıxıblar. Yeri gəlmişkən, rəsmi Bakı Qarabağdakı etnik ermənilərə reinteqrasiya ilə bağlı dəfələrlə təkliflər verib. Bildirilib ki, vətəndaşlığı qəbul etsələr, onların qanunvericiliklə nəzərdə tutulmuş bütün hüquqları tanınacaq.
...Evlərdən birinin damında xaç işarəsi görünür. Polis əməkdaşları deyirlər ki, xaça dəymirlər. Çünki biz milli, mədəni, tarixi və dini abidələrə toxunmayacağımızı bəyan etmişik.
Təqribən axşam saat 7-də Əsgərandan çıxırıq. Pəncərədən baxıram. Avtobusun salonunda tanınmış ifaçı Çinarə Məlikzadənin “Azərbaycan” mahnısı səslənir. Dinlədikcə Qarabağ azad olunandan sonra baş verən proseslərin xronologiyasını xatırlayıram: əvvəl ekoaksiyalar keçirildi, ardınca “Laçın” sərhəd-buraxılış məntəqəsi quruldu, bütün xəbərdarlıqlara rəğmən, Ermənistan və qondarma rejim hərbi təxribatlarını davam etdirdi. Nəhayət, Azərbaycan antiterror tədbirləri keçirdi, xunta rejimi ağ bayraq qaldıraraq təslim oldu. Beləliklə, Qarabağda suverenliyimiz tam təmin olundu. İndi “Azərbaycan” mahnısı insanda daha fərqli təəssüratlar yaradır...
“Report” İnformasiya Agentliyi
Rəylər