Sovet dövründə rus dilini bilmək əsas tələblərdən biri idi. Təhsilini davam etdirmək, hər hansı bir işdə uğur qazanmaq istəyən hər kəs rus dilini bilməli idi. O dövrdə cəmiyyət arasında da rus dilində danışmaq prestij hesab olunurdu. Hətta rusca danışa bilməyənlərə qarşı da birmənalı yanaşılmırdı.
Lakin günümüzdə isə belə bir məcburiyyət, stereotip yoxdur. Amma Bakının mərkəzində yerləşən bəzi restoranlarda hələ də rus dili ab-havası davam edir. Belə ki, müştərilər obyektə daxil olduğu anda onları rusca qarşılayır, dialoqu da məhz bu dildə qururlar. Hətta bəzi restoranlar Azərbaycan dilində menyu tərtib etmək zəhmətinə belə girmir.
Bəs görəsən, xidmət sektorunda çalışan əməkdaşların ana dilimizdən istifadə etməməsinə səbəb nədir?
Filologiya elmləri doktoru, professor Qulu Məhərrəmli Bizim.media-ya açıqlamasında bildirib ki, xidmət sektorunda çalışan işçilər Azərbaycan dilində danışmamalarını ölkəmizə gələn turistlərlə əlaqələndirirlər:
"Xidmət sektorunda çalışanlar özlərinə müəyyən dərəcədə haqq qazandırırlar ki, turist və xarici qonaqlar çoxdur, ona görə bu addımı atırlar. Lakin bu, restorana gələn bütün qonaqları rus dilində salamlamağa bəraət qazandırmır. Bu, istər-istəməz ictimai, psixoloji baxımdan pis nümunə sayılır. Halbuki bununla bağlı dövlət qərarları, dövlət proqramı, Prezidentin sərəncamı var.
"Ana dili haqqında" qanun da var.
Biz bu qanunlara əməl etməliyik. Öz ana dilimizə hörmət etməyi öyrənməliyik. Bir sıra yerlərdə, hətta ölkələrinə gələn turistlərdən belə öz dillərində danışmağı istəyirlər ki, bu da onların öz dilinə olan sayğısından irəli gəlir. Ancaq Azərbaycanda bir sıra insanlar nəinki öz dilinə hörmət qoymur, hətta bir-biriləri ilə belə başqa dillərdə danışırlar.
Hər bir vətəndaş öz ana dilini qorumalı, onun keşiyində dayanmalı, hörmət etməli, onun daşıyıcısı olduğu üçün qürur duymalıdır. Əgər ana dilində ən ali hisslərini ifadə etmirsənsə və bunu özünə əskiklik bilirsənsə, deməli, sənin bu dillə heç bir əlaqən yoxdur".
Rəylər