İstirahət günlərində insanların kütləvi şəkildə üz tutduğu yerlər əsasən attraksionlarla dolu parklar olur. Belə ki, artıq respublikanın şəhər və rayonlarındakı müxtəlif məkanlarda yerləşən parklarda əyləncəli, bol adrenalin yaşadacaq attraksionlar var. Bəs onların hər biri istifadəyə yararlıdırmı?
Ümumiyyətlə attraksionların təhlükəsiz istismarının təmin edilməsi üçün hansı işlər görülür? Onların texniki baxışı necə həyata keçirilir?
Mövzu ilə əlaqədar Oxu.Az-a açıqlama verən Fövqəladə Hallar Nazirliyinin (FHN) Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyi Müfəttişliyin rəisi Sahil Mənsimov bildirib ki, ötən və cari illər ərzində Bakı şəhərində, eləcə də regionlardakı parklarda və əhalinin istirahəti üçün nəzərdə tutulan digər ictimai yerlərdə quraşdırılmış 334 ədəd mexanikləşdirilmiş attraksionda yoxlamalar aparılıb:
"Aşkar olunmuş pozuntular haqqında aktlar tərtib edilərək fiziki və hüquqi şəxslərə təqdim edilib. Həmçinin bu barədə müvafiq rayon icra hakimiyyətlərinə məktublar ünvanlanıb. Yoxlamalar zamanı Bakı şəhəri üzrə ümumilikdə 18, şimal-qərb regionu üzrə 3 attraksionun yararsız olduğuna görə istismar edilmədiyi müəyyən olunub. Həmçinin insan həyatı və sağlamlığı üçün birbaşa və mühüm təhlükə yaratdığından qərb regionu üzrə 44 attraksionun istismarı dayandırılıb.
Mexanikləşdirilmiş attraksionların istismarı ilə bağlı agentliyin əməkdaşları tərəfindən aparılan yoxlamalar zamanı aşkar edilmiş pozuntularla əlaqədar hüquqi və fiziki şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri üzrə cərimələr tətbiq edilib".
Bəs texniki qulluq hansı normativlərə uyğun aparılır?
"Attraksionlar istismara verildikdən sonra onun sahibi, yaxud istismar edən hüquqi və ya fiziki şəxslər tərəfindən ildə 1 dəfədən az olmayaraq, dövri texniki müayinəyə cəlb olunmalıdır. Sözügedən müayinənin məqsədi onların təhlükəsiz istismarını təmin və texniki təhlükəsizlik tələblərinə uyğunluğunu müəyyən etməkdir. Müayinə zamanı attraksionlar baxışdan keçirilməli, hissələri yoxlanılmalı və istismar təlimatına uyğun sınaqları aparılmalıdır. Sözügedən tələblərin yerinə yetirilməsinə yoxlamalar zamanı agentliyin əməkdaşları tərəfindən ciddi nəzarət olunur", - deyə S.Mənsimov qeyd edib.
Könül Cəfərli
Rəylər