Azərbaycanda kvotadan əlavə iş yerlərinin yaradılması qaydası müəyyən edilir.
"Report"un xəbərinə görə, bununla bağlı məsələ Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında birinci oxunuşda müzakirə edilən "Məşğulluq haqqında" qanuna dəyişiklik layihəsində öz əksini tapıb.
Qanuna əlavə edilməsi təklif olunan yeni maddəyə əsasən, qaydanı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) təyin edir.
Hər bir işəgötürən üzrə kvotadan əlavə iş yerlərinin sayı işəgötürən üçün müəyyən edilmiş kvota miqdarınadək, lakin 15 (on beş) iş yerindən çox olmamaqla təyin edilir.
Kvotadan əlavə iş yerlərində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən göndəriş verilmiş şəxslərlə iki ildən az olmayan müddətə bağlanılan əmək müqaviləsi üzrə əməkhaqqı bu qanunun 26.6-cı maddəsi nəzərə alınmaqla, işsizlikdən sığorta vəsaiti hesabına maliyyələşdirilir.
Kvotadan əlavə iş yerləri üzrə əməkhaqqının işsizlikdən sığorta vəsaiti hesabına maliyyələşdirilən hissəsinin məbləği sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən şəxslərin kateqoriyaları üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilən faiz dərəcələri tətbiq olunmaqla, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən əvvəlki il üçün müəyyən olunmuş ölkə üzrə orta aylıq nominal əməkhaqqından çox olmamaq şərti ilə İşəgötürənlə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) arasında bağlanılan müqavilə əsasında müəyyən edilir.
Məqsədli proqramlar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi qaydada müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müsabiqə yolu ilə seçilən işəgötürənlərin iştirakı ilə həyata keçirilir.