Bakının Suraxanı rayonunda 1987-ci il təvəllüdlü Tural Abbasov qısqanclıq zəminində yaranan mübahisə zamanı həyat yoldaşı Zoya Abbasovaya (adlar şərti göstərilib - red.) xəsarət yetirib.
Demokrat.az-ın məlumatına görə, hadisə ötən ilin noyabrın 9-da baş verib.
Tural həmin gün saat 22 radələrində yaşadığı evdə şəxsi münasibətlər və qısqanclıq zəminində yaranmış mübahisə zamanı Zoyaya yumruq zərbələri ilə xəsarət yetirib.
Hadisəni törədən Turalın barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib.
Cinayət işi üzrə təqsirləndirlən şəxs qismində ifadə verən Tural ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib.
O, ifadəsində göstərib ki, Zoya ilə 2012-ci ildə rəsmi olaraq ailə həyatı qurub:
"Bizim birgə nikahımızdan iki uşağımız dünyaya gəlib. Mən evli olmuşam, həmin evlilikdən bir oğlum var. Digər nikahdan olan oğlum bizimlə birlikdə yaşayıb. Evlilik vaxtında münasibətlərimiz normal olmayıb".
Təqsirləndirilən şəxs qeyd edib ki, 2023-cü ilin noyabrın 9-da işdən gələn zaman bacısı evdə olub:
"Yemək yeyən zaman yoldaşımın telefonuna "Qumu" kimi qeyd etdiyi şəxsdən zəng gəldi. Mən həmin şəxsin kim olduğunu soruşduqda iş yoldaşı olduğunu bildirdi və telefonu söndürdü.
Sonra ona yenidən zəng gəldi. Həmin vaxt telefon stolun üstündə olduğundan nömrəni yadımda saxladım. Zoya telefonu stoldan götürən zaman yenidən həmin nömrədən zəng gəldi. Zoya zəngə cavab verməyərək telefonu söndürdü. Mən öz telefonumda nömrəni axtarışa vuran zaman Cəlil adı çıxdı. Cəlil Zoyanın məndən öncə evləndiyi şəxsin adıdır. Bunu bilən zaman telefonu onun əlindən aldım və nə səbəbə yalan danışdığını soruşdum. O isə cavab vermədi".
Təqsirləndirilən şəxs qeyd edib ki, bu zaman Zoyanın qolundan tutaraq başının arxa nahiyəsindən şillə ilə vuraraq, qapıdan çölə çıxarıb və bacısına onu evdən qovmasını tapşırıb:
"Bacım Zoyanın başını divara vurduğunu dedi. Zoya çöldə qışqıraraq səs-küy salırdı. Bu səbəbdən utandığımdan evdən çölə çıxmadım. Bu hadisədən 3 gün sonra məni polis şöbəsinə dəvət etdilər".
İş üzrə zərərçəkmiş qismində ifadə verən Zoyanın sözlərinə görə, əri Tural ilə 2012-ci ildə rəsmi olaraq ailə həyatı qurub:
"Tural mənim 2-ci ərimdir. Bizim birgə nikahımızdan 2 övladımız dünyaya gəlib. Onunla evli olduğum ilk 2 il normal münasibətimiz olub. Lakin sonradan aramızda mütəmadi olaraq münaqişələr oldu və hər mübahisə etdikdə məni söyüb təhqir edirdi.
Hətta, münaqişə zamanı məni döydüyü vaxtlar da olub. Lakin bu barədə heç bir şikayət etməmişəm. Ərim xırda problemləri belə böyüdərək mənimlə mübahisələr edib".
Zərərçəkmiş qeyd edib ki, sonuncu dəfə noyabrın 9-da, saat 23 radələrində evdə olan zaman yenidən aralarında mübahisə yaranıb:
"Həmin vaxt ondan ayrılacağımı bildirdikdə uşaqları məndən alacağını dedi və məni hədələdi. Daha sonra əsəbi halda mənə tərəf gələrək baş və bədənimin müxtəlif nahiyələrindən bir neçə dəfə yumruq zərbələri ilə vuraraq döyməyə başladı. Həmin vaxt bacısı da orada olub. Bizi ayırmaq istəsə də, Tural onu da döyəcəyi ilə hədələdiyi üçün qorxaraq mənə yaxınlaşmayıb. Aramızda olan mübahisə 30 dəqiqə davam edib".
Bu cinayət işinə Suraxanı Rayon Məhkəməsində baxılıb.
Məhkəmənin hökmü ilə Tural 10 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib.
Təqsirləndirilən şəxs üzərinə Bakı şəhərinin hüdudlarını tərk etməmək, axşam saat 23:00-dan səhər saat 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifəsi qoyulub.