Ötən günlərdə Bakıda yerləşən restoranlardan birinin mətbəxindəki antisanitariya faktı ilə bağlı görüntülər sosial mediada xeyli gündəm oldu.
Belə ki, mərkəzi küçələrdən birində yerləşən restoranının mətbəxində siçovul görüntülənib. Həmin görüntülər restoran əməkdaşları tərəfindən lentə alınıb.
Ümumiyyətlə son zamanlar ölkədə bəzi restoranlarda bu kimi hallarla qarşılaşırıq.
Bu hallar ölkədə restoranların fəaliyyətinə nəzarət üçün xüsusi bir qurumun yaradılmasına səbəb ola bilərmi?
Azad İstehlakçılar İctimai Birliyinin sədri Eyyub Hüseynov məsələ ilə bağlı Oxu.Az-a açıqlama verib:
"Restoranlar biznes qurumlarıdır. Dövlət mümkün qədər biznes qurumunun işinə qarışmamalıdır. Belə yerlərdə ictimai nəzarətin rolu əvəzsizdir. Bütün ölkələrdə bu kimi problemlər yaşanır. Bir neçə il öncə Bakının mərkəzində olan restoranlarda yoxlanışlar apardıq. Bəzi restoranların mətbəxlərində vəziyyətin acınacaqlı olduğu məlum oldu. Yalnız bir restorana kameralar qoymağa nail olduq ki, müştəri zalda oturarkən mətbəxdə nəyin baş verdiyi görsün. Bəzi ölkələrdə bu təcrübədən artıq istifadə edilir. Müasir tələblərə cavab verən restoranlar da var.
Ölkənin şimal zonasında yay aylarında tələb təklifi o qədər üstələyir ki, həmin ərazilərdə heç bir sanitariya qaydalarından söhbət gedə bilməz. Eyni zamanda Gəncə bölgəsi, Göygöl istiqamətində çoxlu sayda mənfi hallarla qarşılaşmaq olar. Amma bununla bağlı hansısa qurumun yaradılmasına ehtiyac yoxdur. Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) bu məsələlər ilə bağlı daha çox fəaliyyət göstərməlidir".
Məsələ ilə bağlı Oxu.Az-a danışan Azərbaycan Hotellər və Restoranlar Assosiasiyası İdarə Heyətinin sədri, Azərbaycan Ekoturizm Assosiasiyasının icraçı direktoru Samir Dübəndi restoranların sertifikasiya prosesinin daha şəffaf keçirilməsini önəmli olduğunu vurğulayıb:
"Restoranlarla bağlı müxtəlif standartlar, tələblər mövcuddur. Bu, müvafiq sənədlərdə öz əksini tapır. İstehlakçıların müdafiəsi ilə bağlı kifayət qədər qanunlar mövcuddur. Restoran biznesini AQTA təftiş edir. AQTA mütəmadi olaraq yoxlamalar, reydlər və sertifikatlaşdırılma prosesləri həyata keçirir. Əgər biz dönərxananın yanından keçəndə üfunətdən ürəyimiz bulanırsa, oradan necə bir şey alıb yeyə bilərik? Bəzən aşpazın zahiri görünüşünə baxıb, başa düşmək olur ki, bura natəmiz yerdir. Gigiyena qaydaları pozulub. Amma həmin obyektlərdə sertifikatlar asılıb. Bu, ilkin problemdir.
Ümumiyyətlə restoranlara sertifikatın verilmə prosesi daha şəffaf olmalıdır. Hotellər və Restoranlar Assosiasiyasının AQTA ilə bərabər qida təhlükəsizliyi qaydalarını yenidən işlənməsinə ehtiyac var. Məsələ göz qabağındadır. Bu prosesdə alimlər də iştirak etməlidirlər.
Restoran biznesi xidmət sahəsi olduğuna görə yalnız qida təhlükəsizliyi qaydaları ilə formalaşmır. Qida təhlükəsizliyi bu sahənin sadəcə bir hissəsidir. Restoranların eyni zamanda xidmət hissəsi var. Xidmət isə bilavasitə bilik və bacarıqlara bağlıdır. Biz bəzən görürük ki, ofisiant, barmen düzgün xidmət göstərmir. Şadlıq saraylarında işçi düzgün seçilmir. Bu da işlədikləri müəssisələrə ziyan vurur.
Düzgün satışın qurulması, yeməklərin gigiyena qaydalarına əməl olunaraq hazırlanması və təqdim olunması, masa xidməti və digər məsələlərə ciddi nəzarət edilməlidir. Həm yerli vətəndaşın, həm də ölkəyə gələn qonaqların məmnuniyyəti üçün bu sahədə ciddi tədbirlər görülməlidir. Bu il, bildiyiniz kimi, COP29 ilidir. Yəni ölkəyə xeyli sayda xarici vətəndaşlar gələcəklər. Onların qarşısında düzgün xidmət göstərib, öz mədəniyyətimizi nümayiş etdirməliyik. İlk olaraq xidmət sahəsində fəaliyyət göstərən şəxsləri düzgün seçmək lazımdır. Turist və ya qonaq qarşısında baş verən mənfi hallar ölkənin imicinə xələl gətirə bilər. Ona görə də bu məsələyə diqqət etmək lazımdır".
Samir Dübəndi bildirib ki, restoranların fəaliyyəti üçün ayrı bir qurumun yaradılmasına ehtiyac yoxdur:
"Restoranların fəaliyyəti üçün ayrı bir qurumun yaradılmasına ehtiyac yoxdur. Bu biznes gündən-günə genişlənir. Bu, iqtisadiyyatın əsas hissələrindən biridir. Turizm və xidmət sahəsinə nəzarət edən qurumlarımız var.
Sadəcə olaraq restoran biznesini bu qurumların birinə daha ciddi tapşırmaq lazımdır. Bu zaman müxtəlif məsələlər müzakirə olunub, həllini tapa bilər.
Assosiasiyalar təkbaşına bu işin öhdəsindən gələ bilməz. Restoranların nəzarəti məsələsində dövlət qurumları birbaşa iştirak etməlidirlər. Yalnız bu halda mənfi halları aradan qaldıra bilərik".
Aytac Qasımova
Rəylər