Daşkəsəndə qayınananın gəlini tərəfindən balta ilə ağır xəsarət yetirilməsinin bəzi təfərrüatı məlum olub. Belə ki, Xoşbulaq kənd sakini 66 yaşlı Tahirə Qurbanova gecə saatlarında yatdığı zaman gəlini Səidə Həsənova tərəfindən baltalanıb.
Bu barədə "Unikal"a baltalanaraq və 9 gün sonra xəstəxanada ölən Tahirə Qurbanovanın qızı Şəlalə Qurbanova məlumat verib:
"Gecə saat 3-də mənə zəng elədilər ki, sözügedən hadisə baş verib. Mən də gəldim ki, anam qanın içindədir. Huşunu itirməmişdi, amma danışa bilmirdi. Sonra öyrəndim ki, gəlinimiz Səidə Həsənova balta ilə başına zərbələr endirib.
Əvvəlcə Daşkəsənə, sonra isə Gəncəyə apardıq. Anamın vəziyyəti ağır olduğu üçün Bakıya gətirdik və əməliyyat olundu. Komaya düşdüyündən 9 gün sonra öldü. Aralarında elə dava olmamışdı. Qardaşım Rusiyada yaşayır. Yoldaşı Səidəyə zəng edib deyib ki, mən səndən ayrılıram, o da razılaşıb. Hətta getmək üçün əşyalarını da yığıb. Necə olubsa, anam yatan vaxt evdən baltanı götürüb anamı baltalayıb".
Mərhumun qızı bildirib ki, qardaşı bir ilə yaxındır Səidə ilə evli olub.
Qeyd edək ki, Daşkəsən rayon, Xoşbulaq kənd sakini 66 yaşlı Tahirə Qurbanova ötən gün Bakıda müalicə aldığı xəstəxanada ölüb. Səidə Həsənova isə hadisədən sonra qaçıb.
Rəylər