"Quacquarelli Symonds" (QS) 2024 sahələr üzrə dünyanın ən yaxşı universitetlərinin reytinq siyahısı"nda Azərbaycan 4 istiqamət üzrə 3 ali təhsil müəssisəsi ilə təmsil olunur. Azərbaycan Dövlət Neft və Sənaye Universitetindən başqa, bu reytinqə Azərbaycan Dillər Universiteti və Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) də daxildir.
Bu reytinq 95 ölkə və ərazidə 1 500 universitetdə təhsil alan tələbələr üçün 16 400-dən çox təhsil proqramını müqayisə edən müstəqil analizi təqdim edir. Reytinq 55 fənn və 5 geniş fənn kateqoriyası üzrə ölçülüb.
Maraqlıdır, bəs görəsən, Azərbaycanın prestijli digər universitetləri beynəlxalq reytinqlərdə niyə yer ala bilmir?
Mövzu ilə bağlı Oxu.Az-a danışan təhsil eksperti Ramin Nurəliyev bildirib ki, beynəlxalq qurumlar universitetlərin reytinq cədvəlini onların təqdim etdiyi məlumatlar əsasında hazırlayır:
"Dünya universitetlərinin reytinq cədvəlini tərtib edən bir neçə qurum var. Hər dəfə fərqli situasiyalar ilə həmin qurumlar müxtəlif reytinq cədvəlləri tərtib edirlər. Bu cədvəllər tərtib olunmazdan öncə qurumlar universitetlərdən lazımi məlumatları istəyir. Universitetlər tərəfindən göndərilən məlumatlar əsasında da reytinq siyahısı tərtib olunur".
Onun sözlərinə görə, bəzi universitetlərin reytinq siyahısında yer alması obyektivlik anlamında şübhə yaratmasa da, bəzilərində isə tam əksi müşahidə olunur:
"Bəzi universitetlərin reytinqdə yer alması obyektivlikdə şübhə yaratmır. Çünki həmin universitetlər TOP10 və ya VIP universitetlərdəndir. Bəzən elə universitet olur ki, baxırsan heç TOP10 siyahısında adı yoxdur. Məsələn, ötən reytinq cədvəlində Sumqayıt Dövlət Universitetinin adının olması maraq doğurmuşdu. Baxırsan ki, Türkiyənin prestijli təhsil müəssisəsi olan Ankara Universitetinin, habelə Azərbaycandan Bakı Ali Neft Məktəbinin, ADA Universitetinin adı yoxdur. Bir qisim universitetlər məlumatlar toplanılan zaman lazımi məlumatları tərtibatçı quruma göndərir, bəziləri isə göndərmir. Məhz göndərmədiyi üçün də tərtib olunan reytinq cədvəlində yer ala bilmir. Beynəlxalq qurumların tərtib etdiyi reytinq siyahısında obyektiv olmayan bu kimi məqamlar var. Universitetlər tərəfindən göndərilən məlumatlar əsasında reytinqin tərtib edilməsindənsə, bu təşkilatların bir dəfə də olsa gəlib yerindəcə yoxlama, araşdırma aparmaları yaxşı olar. Bu araşdırmalar nəticəsində ortaya çıxan qərar daha obyektiv olar".
Ekspert beynəlxalq qurumların tərtib etdiyi reytinq siyahısını tərtib edərkən diqqət etdiyi məqamları sadalayıb:
"Beynəlxalq reytinq cədvəlində yer alan universitetin elmi tədqiqat işlərinin aparıb-aparmamasına, pedaqoji kadrın akademik göstəricilərinə, dosent, elmlər namizədi, alim dərəcəsi olanların say nisbətinə diqqət yetirilir. Həmçinin universitet daxilində xarici müəllim və tələbələrin sayının çox olması avantaj hesab olunur. Eyni zamanda universitetin özünə bağlı olan praktiki obyektlərin olub-olmaması reytinq siyahısında yer almaya təsir edir. Ali təhsil müəssisəsinin beynəlxalq müsabiqələrdə iştirakı, akademik tədqiqatların aparılması, tələbə və müəllim heyətinin müxtəlif forumlarda iştirakı da reytinq siyahısında qərar tutmağa müsbət təsir edir. Hətta universitetdə təhsil alan, beynəlxalq olimpiadalarda yer tutan tələbələrin sayının çox olması da təhsil müəssisəsinin reytinqdə yer almasına təsir edən amildir. Məhz bu səbəbdən bəzi universitetlərin beynəlxalq olimpiadalarda yer tutan tələbələrin cəlb olunması istiqamətində müxtəlif təqaüd proqramları və s. tərtib edirlər".
Aygün Mirakif
Rəylər