Bu gün Azərbaycanda prokurorluq işçilərinin peşə bayramıdır.
Oxu.Az xatırladır ki, prokurorluq orqanlarının yaranmasının 106-cı ili tamam olur.
Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurası 1 oktyabr 1918-ci il tarixli qərarı ilə Bakı Dairə Məhkəməsinin tərkibində prokurorluq təsis edib.
Prokurorluq orqanlarında aparılan hərtərəfli islahatların ilkin əsasını və qanunvericilik bazasını 12 noyabr 1995-ci il tarixdə ümumxalq səsverməsi yolu ilə qəbul edilmiş müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyası təşkil edir.
Memarı müstəqil dövlətçiliyimizin yaradıcısı Heydər Əliyev olan Ali Qanunumuzda ilk dəfə olaraq ölkəmizin dövlət quruluşu sistemində prokurorluğun layiq olduğu yer müəyyənləşdirilib, məhkəmə hakimiyyəti sisteminə daxil olan prokurorluq orqanlarının statusu, təşkili, fəaliyyət prinsipləri, səlahiyyət dairəsi və vəzifələri qanunvericilik qaydasında təsbit edilib.
Ümummilli lider Heydər Əliyevin 17 iyul 1998-ci il tarixli sərəncamı ilə milli prokurorluq orqanlarının yarandığı gün - oktyabr ayının 1-i Prokurorluq işçilərinin peşə bayramı günü kimi təsis edilməklə qeyd olunmağa başlanılıb.
Azərbaycan Respublikası Prezidentinin 3 mart 2004-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin yaradılması prokurorluğa Prezident İlham Əliyevin dövlət səviyyəsində inam və etimadı kimi qiymətləndirilməklə yanaşı, onun strukturunun daha da təkmilləşdirilməsinə yönəldilmiş mühüm bir addım olmaqla, mütəşəkkil cinayətkarlığın ən təhlükəli təzahürlərindən olan korrupsiyaya qarşı mübarizənin gücləndirilməsində və işin daha səmərəli təşkil olunmasında əhəmiyyətli rol oynayır.
Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 28 oktyabr tarixli fərmanı ilə idarənin Əsasnaməsi təsdiq edilib və 2005-ci il yanvar ayının 1-də "Korrupsiyaya qarşı mübarizə haqqında" Qanun qüvvəyə mindikdən sonra idarə öz fəaliyyətinə başlayıb.