"Xəzər rayonu Buzovna qəsəbəsində Aruz Mirzəyev küçəsində, yolun ortasında əmələ gələn nəhəng çalanın yaranma səbəbi qəzalı vəziyyətdə olan boru xətti olub".
Bu məlumat Oxu.Az-ın sorğusuna cavab olaraq Xəzər Rayon İcra Hakimiyyətindən verilib.
Qeyd olunub ki, məsələ ilə əlaqədar Xəzər Rayon İcra Hakimiyyəti tərəfindən Xəzər rayon Sukanal İdarəsinə müraciət ünvanlanıb.
"Xəzər rayon Sukanal İdarəsi tərəfindən təqdim olunmuş məlumatda bildirilib ki, qəzanın səbəbi, yağış sularının kənarlaşdırılması məqsədi ilə çəkilmiş, qəzalı vəziyyətdə olan 200 mm-lik boru xətti olub.
Belə ki, yağıntıların intensivliyi və bu xətdən gələn suyun miqdarının çox olması səbəbindən sözügedən ünvanda sular mövcud kanalizasiya şəbəkəsinin quyusunun ətrafını yuyub və asfalt qatının altı boşalıb.
Yaranmış qəzanın aradan qaldırılması üçün borunun beş metr uzadılaraq mövcud kanalizasiya şəbəkəsinə qoşulması işlərinin 22 oktyabr 2024-cü il tarixindən etibarən həyata keçirilməsi planlaşdırılır. Müvafiq icazənin alınması və razılaşmanın əldə olunması məqsədilə Xəzər rayon Sukanal İdarəsi tərəfindən aidiyyəti qurumlara müraciət olunub", - deyə məlumatda bildirilib.
Xəzər rayonu Buzovna qəsəbəsində avtomobil yolun ortasında yaranan çalaya düşüb.
Oxu.Az xəbər verir ki, bununla bağlı videogörüntü sosial şəbəkədə yayımlanıb.
Aruz Mirzəyev küçəsində, yolun ortasında əmələ gələn nəhəng çala sürücülər üçün ciddi təhlükə mənbəyinə çevrilib. Sakinlər bildirirlər ki, xüsusilə gecə saatlarında və ya yağışlı hava şəraitində bu çalanı görmək çox çətindir və qəza riski yüksəkdir.
Məsələ ilə bağlı Xəzər Rayon İcra Hakimiyyətinə sorğu ünvanladıq.
Qurumdan Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, bu yol icra hakimiyyətinin balansında deyil.
"Bu yollar Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin balansındadır", - deyə açıqlamada bildirilib.
Məsələ ilə bağlı sözügedən quruma sorğu ünvanlanıb.
Əzizə İsmayılova
Rəylər