Əkizlərin ən böyük fərqi dünyaya cüt gəlməkləridir. Onlar həm eyni, həm də fərqli yumurta əkizi ola bilərlər. Əkizlər haqqında maraqlı faktlar və fikirlər mövcuddur. Bəziləri onlar arasında xüsusi bir telepatiyanın olduğunu hesab edir.
Yaxşı, bəs orqanizm cəhətdən necə? Onlar eyni xəstəliyə, narahatlığa sahib ola bilərlərmi?
Əkiz oğul anası Günel Mirzəyeva Bizim.media-ya əkizləri arasındakı fərq və oxşarlıqlarından danışıb.
"Əkizlərim arasında məni ən təəccübləndirən hal qan qruplarının ayrı olmasıdır.
Hər ikisinin də anadangəlmə nevroloji problemləri və ayaqlarında narahatlıqları var idi. Ancaq sonradan bu, müalicə ilə həll oldu.
Daha sonra suçiçəyini biri daha ağır, digəri isə yüngül formada keçirdi. Ancaq qızdırmaları olduqda adətən hər ikisində də olur və yaxud birinin öskürəyi, digərinin isə qripi daha gec sağalır. Yəni həm fərqli, həm də müxtəlif cəhətləri var. Düzdür, xarakterik cəhətdən bir-birlərinə çox bağlıdırlar. Məsələn, evdə başqa bacı-qardaşları olsa da, yatmağa getdikləri vaxt ancaq bir-birlərini çağırırlar. Buna görə də çox vaxt yatmaq və oyanmaq saatları da eyni olur".
Professor, tibbi ekspert Adil Qeybulla deyir ki, əkizlər bir-birilərinə bioloji cəhətdən çox yaxındırlar:
"Əkizlərin birinin orqanizmində problem olarsa, bu, "digərinə də mənfi təsir edər" fikri əsassızdır. Ancaq onların ikisində də, xüsusilə, eyni yumurta əkizlərində eyni xəstəliklərin olma ehtimalı var. Bu, əslində, onların həyat tərzlərindən də asılıdır. Yəni biri ola bilər ki, həyat tərzinə görə xəstəliyə tutulsun və ya daha sağlam yaşasın".
Rəylər