Ekoloqlar həyəcan təbili çalırlar. Səbəb - qoynunda istirahət etdiyimiz təbiətə vurduğumuz ziyan, ətraf mühiti çirkləndirməyimizdir. Çox təəssüf ki, eyni mənzərə işğaldan azad olunmuş ərazilərimizdə də müşahidə edilir.
"Kaspi" qəzeti məsələ ilə bağlı məqalə hazırlayıb.
Daha bir yay turizm mövsümü başa çatır. Mövsümün yekunlarına nəzər yetirərkən ənənəvi problemlərdən biri kimi məişət tullantıları ilə bağlı vəziyyət diqqət çəkir. Müşahidələr göstərir ki, əksər turizm rayonlarında insanların kütləvi istirahət etdikləri yerlərdə zibil qabları yoxdur. İnsanlar piknikdən sonra tullantıları elə orada da qoyaraq gedirlər. Zibillərini aparanlar isə onları atmaq üçün konteyner tapa bilmirlər. Nəticədə turizm bölgələrində xoşagəlməz mənzərə yaranır. Artıq işğaldan azad edilmiş rayonlarda da eyni mənzərənin şahidi oluruq.
Bəs görəsən, mövcud problemin həlli yolları nədən ibarətdir? Bu məsələdə dövlət qurumları, yoxsa vətəndaşlar məsuliyyət daşıyırlar?
"Ekoloji mədəniyyətimiz lazımi səviyyədə deyil"
"Ekostil-Azərbaycan" Təbiəti Mühafizə İctimai Birliyinin sədri, dosent Elman Yusifov deyib ki, insanlar arasında ekoloji mədəniyyət yüksəldikcə ətraf mühiti çirkləndirənlərin sayı əhəmiyyətli dərəcədə azalacaq:
"Bu gün bizim ekoloji mədəniyyətimiz lazımi səviyyədə deyil. Ekoloji maariflənmə birbaşa ekoloji tərbiyə ilə bağlıdır. Bu tərbiyə isə ailədə formalaşır. Ekoloji tərbiyə ümumi tərbiyənin tərkib hissəsidir. Ona görə də hər şey ailədən başlamalıdır. Sonra bu istiqamətdə bilgilər uşaq bağçalarında, məktəblərdə öyrədilməlidir. Yekun nəticədə insanın ekoloji əxlaqı formalaşır. Nə zaman ki biz təbiəti də evimiz kimi qəbul edəcəyik, hər şey o zaman düzələcək. Bunun üçün biz az səbir, bir az da sistemli işləmək lazımdır".
Ekoloji polisin yaradılması təklif edilir
"Səma və Eko" Sosial İqtisadi İnkişafa Yardım İctimai Birliyinin sədri İradə Həsənova hesab edir ki, bu istiqamətdə cərimələrin artırılmasına ehtiyac var:
"Zibil qutuları olmaya bilər. Amma bəzən müşahidə edirik ki, hətta zibil konteyneri olan ərazilərdə də ətrafa məişət tullantıları atılır. Bizdə ictimai qınaq da zəifdir. Bəzən irad tutduğun insan sənə elə cavab verir ki, dəhşətə gəlirsən. Problemin həlli ancaq cərimələrin miqdarını artırmaqla mümkün ola bilər. Artıq ekoloji polisin fəaliyyətə başlamasının zamanı yetişib".
Başqalarının üzərinə atılan məsuliyyət
Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında İctimai Şuranın sədri Amin Məmmədov isə bu fikirdədir ki, bəzən insanlar öz məsuliyyətini başqalarının üzərinə atmağa çalışırlar:
"Bu məsələdə hər kəs vətəndaşlıq borcunu ortaya qoymalıdır. Ola bilsin ki, dövlət qurumu sənin istirahət etdiyin yerə zibil konteyneri yerləşdirməyib. Bu o demək deyil ki, zibili ətrafa tullamaq lazımdır. Həmin zibili bir torbaya yığıb ən yaxın konteynerə atmaq olar. Sadəcə, bunu etmək istəmirlər. Tullantıları istirahət etdikləri yerdə qoyub gedirlər. Sonra da deyirlər ki, bu, dövlətin məsuliyyətindədir və aidiyyəti qurumlar gəlib yığışdırsınlar. Biz vətəndaş olaraq da öz məsuliyyətimizi dərk etməliyik".
Yayda antropogen təsirlər artır
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekoloji Maarifləndirmə və Kommunikasiya Şöbəsinin müdiri Səyyarə Məmmədova deyib ki, yay mövsümü təbiətin daha çox yükləndiyi dövr hesab olunur. Onun sözlərinə görə, yay aylarında ətraf mühitə qarşı antropogen təsirlər xeyli artır:
"İnsanlar təbiətə üz tutur, ətraf mühitin gözəlliklərindən zövq almağa çalışırlar. Lakin əfsus ki, həmin əraziləri, gözəllikləri çirkləndirərək geri dönürük".
Şöbə müdiri bildirib ki, nazirlik tərəfindən bütün il boyu tullantıların idarə olunması, çeşidlənməsi istiqamətində tədbirlər həyata keçirilir, təbliğat, maarifləndirmə işləri aparılır:
"Yay mövsümündə biz bu çağırışları daha çox artırırıq. May ayının əvvəlindən "Təmiz ölkəm" layihəsi çərçivəsində təmizlik aksiyaları başlayıb. Əvvəllər həftədə bir dəfə təşkil olunan aksiyalar artıq həftədə iki dəfə keçirilir. Bu aksiyalarda vətəndaş cəmiyyəti institutları, dövlət qurumları, özəl təşkilatlar, könüllülər fəal iştirak edirlər. Belə kütləvi tədbirləri keçirməklə vətəndaşlarımıza çağırış edir, təbiət ərazilərini təmiz saxlamağa, ətraf mühitə öz evi kimi yanaşmağa təşviq edirik. Məqsəd insanların təbiətə münasibətini dəyişməkdir. İnsanlar istirahət zamanı gətirdikləri ərzaqları, əşyaları sonradan tullantı kimi həmin ərazidə qoymamalıdırlar. Bəzən insanların iki-üç addım yaxınlığında tullantı qabı olduğu halda, ətrafın çirkləndirildiyinin şahidi oluruq. Yəni ətraf mühitin çirkləndirilməsinə səbəb tullantı qablarının azlığı və ya heç olmaması deyil, sadəcə, insanlarda təbiətə humanist yanaşma mövcud deyil. Ətrafda tullantı qabı yoxdur deyə təbiəti çirkləndirmək səbəb deyil, laqeyd yanaşmadır. Əfsuslar olsun ki, təbiətə qarşı atdığımız hər bir neqativ addım bumeranq kimi özümüzə qayıdır. Yaranmış antisanitariya, torpağın çirklənməsi yenə də insan orqanizminə mənfi təsir göstərir".
56 min 833 kiloqram tullantı ərazilərdən daşınıb
Nazirlik rəsmisi vurğulayıb ki, mayın əvvəlindən iyulun sonuna kimi ölkədə 134 kütləvi təmizlik aksiyası təşkil olunub:
"Bu aksiyalar çərçivəsində 56 min 833 kiloqram tullantı ərazilərdən daşınıb. Aksiyalar hazırda da davam etdirilir. Bundan əlavə, ictimaiyyətə yönəlik "Tullantıları tinglərə dəyiş", "Tullantıları ekoçantaya dəyiş" aksiyaları keçirilir. Bu aksiyaların məqsədi məişət tullantılarının artıq evdən çeşidlənmə prosesinə təşviq olunmasıdır. Eyni zamanda, insanlar həmin tullantıları təhvil verəndən sonra hədiyyə olaraq ekoçanta əldə edirlər. Bundan başqa, müxtəlif təşkilatların dəstəyilə "Tullantıları hədiyyələrə dəyiş" aksiyası da təşkil olunur. Vətəndaşlarımız bu kimi aksiyalarda sevə-sevə iştirak edirlər".
Rəylər