"Oğlan uşaqlarına qarşı xüsusi bir həssaslıq bizim mentalitetimizdə kök salmış bir bəladır".
Bunu "Qaynarinfo"ya açıqlamasında professor Adil Qeybulla Azərbaycanda bir ildə 73 min 816 abortun qeydə alınmasının səbəblərini izah edərkən deyib.
Professor bunun mentalitetlə bağlı məsələ olduğunu vurğulayıb:
"Bu problem uzun müddətdir ki, nəsildən-nəslə ötürülməkdədir. Tayfa münasibətləri, var-dövlətin atadan oğluna keçməsi ona səbəb oldu ki, oğlan uşağı bir nəslin davamçısı hesab olunur. Bu mentalitet indi də davam edir. Lakin indi iqtisadi münasibətlər hər şeyi dəyişib, yəni bunun xüsusi bir önəmi qalmayıb. Bununla belə beyinlərdən bu problem hələ silinməyib. Oğlan axtarışı xüsusi ilə ataların, hətta bəzən anaların da özünün ifadə formasına çevrilib. Bu amil abortların əsasında dayanır. Hesab edirəm ki, bu, düzgün yol deyil".
Adil Qeybulla bunun demoqrafik vəziyyətə neqativ təsir etdiyini xatırladıb:
"Çünki anadan olan oğlanlar və qızlar arasında bir balans var. Bu təbiətin tənzimlədiyi bir balansdır. Əgər biz buna müdaxilə ediriksə, balansı, o cümlədən demoqrafik vəziyyəti pozuruq. Buna görə də bu məsələ ancaq maarifləndirimə yolu ilə həllini tapa bilər".
Adil Qeybulla hesab edir ki, istər oğlan, istərsə də qız, fərq etməz, əsas övladın cəmiyyət üçün faydalı olmasıdır:
"Əsas odur ki, övlad ağıllı olsun, onun cinsi önəmli deyil".
Qeyd edək ki, Azərbaycanda ötən il 73 min 816 abort qeydə alınıb. Bu da hər günə 205 abort deməkdir. 2022-ci ildə isə bu say 58 min idi.
Rəylər