Əlilliyi olan şəxslərə dövlət büdcəsi hesabına verilən reabilitasiya vasitələrinin növlərinin yeni siyahısı təsdiqlənib.
Oxu.Az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.
Həmin siyahı ilə bu linkdən tanış olmaq mümkündür.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yaydığı məlumata görə, siyahıdakı reabilitasiya vasitələrinin sayı 57-dən 130-a çatdırılıb.
Belə ki, qərarla "Əlilliyi olan şəxslərə dövlət büdcəsi hesabına verilən reabilitasiya vasitələrinin növlərinin Siyahısı" iki dəfədən çox genişləndirilib.
Siyahıya:
- gəzinti üçün təkərli hərəkət vasitəsi (rollator),
- yıxılma detektorları,
- statik vertikalizator,
- ayaq əyriliyi breketləri,
- daşına bilən panduslar,
- gözdən əlilliyi olanlar üçün ağ əsa,
- Brayl əlifbası ilə yazılmış saat,
- Brayl sistemi ilə yazı üçün cihaz,
- optik böyüdücülər,
- ekran oxuyucuları (skrinriderlər)
- hamam otağı üçün stul və ya kətil,
- tualet kreslosu,
- hopdurucu bezlər və mələfələr,
- fərdi həyəcan-siqnalizasiya sistemləri,
- ünsiyyət lövhələri və s. reabilitasiya vasitələri də daxil edilib.
Beləliklə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) ilə əməkdaşlıq çərçivəsində, eyni zamanda əlilliyi olan şəxslərin rəy və təklifləri əsasında Siyahı üzrə reabilitasiya vasitələrinin sayı 57-dən 130-a çatdırılıb. Onlardan 81-i əsas reabilitasiya vasitələri, 49-u isə əlavələrdir.
Siyahıda hərəkətlilik, özünəqulluq, görmə, eşitmə və ünsiyyət üçün reabilitasiya vasitələrinin qruplaşdırılması aparılıb.