Ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə 5 may 2024-cü il tarixində keçirilən imtahanların nəticələri elan olunub. İmtahanda ən yüksək nəticəni Masallı rayonu, Həsənli kənd orta məktəbinin 10-cu sinif şagirdi Turə Süliddin qızı Alışlı göstərib. O, 296,6 bal toplayıb.
Azvision.az respublika üzrə birincilik qazanan Turə və nənəsi ilə söhbətləşib.
Yeganə Sövzəliyeva deyir ki, nəvəsi bütün dərslərdə əlaçıdır. Məktəb tədbirlərində fəallığı ilə seçilir. Müəllimləri ondan razılıq edirlər:
"Ailənin böyük övladıdır. Ondan balaca bacı və qardaşı var. Onlar da yaxşı oxuyurlar. Əvvəllər hüquqşünas olmaq istəyirdi. İndi fikrini dəyişib. İngilis dili üzrə təhsil almaq arzusundadır. Arzularına çatmaq üçün var gücü ilə irəliyə doğru addımlayır. Bu imtahana müəllimi ilə məsləhətləşib girmişdi. Atası, əmisi onun yaxşı təhsil almasını çox istəyirlər. Daim dəstək olurlar. Ürəyi harada istəyir, orada da oxuyacaq".
Turə bildirir ki, imtahanda həyəcanlı olsa da, özünü itirməyib, sualları diqqətlə oxuyub və cavablandırıb:
"Özümü sınamaq üçün getmişdim. Topladığım balı kollecə girməklə hədər etmək istəmirəm. Universitetə hazırlaşıram. Seçəcəyim peşə növbəti il qazanacağım baldan asılıdır. Hansı ixtisas üçün yetərli olacaqsa, onu da seçəcəyəm. Necə deyərlər, ayağımı yorğanıma görə uzadacağam.
Repetitor yanına gedirəm, 3-cü qrup fənləri ilə daha ciddi məşğul oluram. Müəllimlərim sağ olsun, zəhmət çəkirlər. Sevinirəm ki, onların əziyyətini yerdə qoymadım. Mənim üçün böyük nailiyyət oldu. Oxumaq lazımdır! Yaxşı gələcək qurmaq üçün bu mütləqdir!"
Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Rəylər