Gəncə şəhərində başqasının avtomobilinə girən səkkiz yaşlı uşağı avtomobil sahibinin döydüyü iddia olunur.
Bununla bağlı Oxu.Az-a şikayət edən valideyn bildirib ki, uşaqlar qonşu həyətdə qapısı açıq olan VAZ-2106 markalı avtomobilə miniblər.
"Avtomobilin sahibi gələndə isə hamısı qaçıb, bir bu qalıb. Kişi bu uşağı döyüb, qaldırıb yerə çırpıb. Uşağın halının pisləşdiyini görəndə gedib özləri su alıblar. Uşağın qorxudan əsməsi tutanda avtomobil sahibi polisi yığıb ki, uşaqlar maşınıma oğurluğa giriblər. Uşaqları aparıb Gəncədəki 1 nömrəli Polis Şöbəsində saat 16:00-dan saat 23:00-a kimi saxlayıblar", - deyə şikayətçi bildirib.
Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupuna sorğu ünvanladıq.
Qrupun baş inspektoru Eşqin Qasımov məsələ ilə bağlı Oxu.Az-a açıqlamasında faktı təsdiqləyib.
"Oktyabr ayının 10-da Gəncə şəhər sakini Novruz Həsənov Gəncə Şəhər Baş Polis İdarəsinin 1-ci Polis Şöbəsinə müraciət edərək, dörd azyaşlının ona məxsus avtomobilə icazəsiz daxil olaraq mühərriki işə saldığını və oğurlamağa cəhd etdiyini bildirib. Avtomobil sahibi izahatında avtomobilə yaxınlaşarkən üç azyaşlının qaçdığını, bir nəfərin isə qaçmaq istəyərkən yıxıldığını bildirib. Müraciətlə əlaqədar həmin azyaşlıların valideynlərinin iştirakı ilə izahat alınıb, şahidlər dindiriliblər. Şahidlər ifadələrində Novruz Həsənovun verdiyi ərizəni təsdiqləyiblər.
Sonradan Novruz Həsənov həmin şəxslərin azyaşlı olduğunu bildirərək şikayət və tələbini geri götürüb. Bir gün sonra isə şəhər sakini Müşərrəf Nağıyeva Gəncə Şəhər Baş Polis İdarəsinin 1-ci Polis Şöbəsinə müraciət edərək övladı Uğur Oruclunun Novruz Həsənov tərəfindən döyüldüyü barədə şikayət edib. Həmin şikayət əsasında müvafiq ekspertiza təyin olunub, hazırda araşdırmalar gedir. Araşdırmaların nəticəsindən asılı olaraq, məsələyə hüquqi qiymət veriləcək", - deyə E.Qasımov vurğulayıb.
Əzizə İsmayılova
Rəylər