Bu gün İkinci Qarabağ müharibəsi dövründə Gəncə şəhərinin Ermənistan silahlı qüvvələri tərəfindən beşinci dəfə raket hücumuna məruz qalmasından dörd il ötür.
Oxu.Az xatırladır ki, 2020-ci ilin oktyabrın 17-də gecə saat 1 radələrində düşmən növbəti dəfə cəbhə zonasından kənarda yerləşən, Azərbaycanın ikinci böyük şəhərinin mərkəzindəki Cavadxan qəsəbəsini "SCUD/Elbrus" əməliyyat-taktiki ballistik raketləri ilə atəşə tutub.
Gəncəyə beşinci raket hücumu: Ermənistanın hərbi cinayətlərinin sübutu
Ermənistanın 17 oktyabrda Gəncəyə etdiyi raket hücumu miqyasına görə daha böyük dağıntılar törədib. Bu terror hadisəsi nəticəsində 15 nəfər şəhid olub, 55-dən artıq şəxs yaralanıb. Şəhid olanlar və xəsarət alanlar arasında azyaşlılar, qadınlar və qocalar da olublar.
Düşmənin hücumu nəticəsində yaşayış evləri tamamilə dağılıb, sakinlər dağıntılar altında qalıblar. Çoxsaylı mülki infrastruktur obyektinə, nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəyib.
Faktla bağlı Azərbaycan Baş Prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin bir neçə maddəsi ilə cinayət işi başlanıb.
Ümumilikdə, Ermənistanın Gəncədə törətdiyi terror hadisələri 1949-cu il Cenevrə Konvensiyaları və onların Əlavə Protokollarının tələblərinin pozulması idi.
Qeyd edək ki, İkinci Qarabağ müharibəsi dövründə Ermənistan Silahlı Qüvvələri tərəfindən Gəncə şəhərinə ümumilikdə 5 dəfə (4, 5, 8, 11, 17 oktyabrda) raket və ağır artilleriya ilə hücum edilib. Nəticədə 26 nəfər şəhid olub, 175 nəfər yaralanıb, şəhərdə yerləşən mülki infrastruktur obyektlərinə, nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəyib.
Xatırladaq ki, İkinci Qarabağ müharibəsində ümumilikdə Ermənistanın hərbi təcavüzü nəticəsində 12-si uşaq, 27-si qadın olmaqla 93 mülki şəxs həlak olub, 454 mülki vətəndaş yaralanıb, ümumilikdə 12 292 yaşayış və qeyri yaşayış sahəsinə, 288 nəqliyyat vasitəsinə ziyan dəyib, 1 018 fermer təsərrüfatı üzrə zərər faktı aşkar edilib.
Əzizə İsmayılova
Rəylər