Xalq artisti Hacı İsmayılov İttifaqın ötən gün baş tutan konfransında Teatr Xadimləri İttifaqının sədri seçilib.
Xalq artisti İlham Namiq Kamal və Əməkdar artist Azad Şükürov isə sədr müavinləri təyin olunublar. Həmçinin ittifaqın İdarə Heyətində Xalq artistləri Siyavuş Kərimi, Azər Zeynalov, İlham Əsgərov, Cənnət Səlimova və rejissor Mərahim Fərzəlibəyov yer alacaqlar.
Məsələ ilə bağlı Oxu.Az-ın əməkdaşı Xalq artisti Hacı İsmayılov ilə əlaqə saxlayıb.
H.İsmayılov qərarın gözlənilən olduğunu vurğulayıb:
"Verilən qərar gözlənilən idi. 10 ildir ki, ittifaqda fəaliyyət göstərirəm. Sədr müavini olaraq yaradıcılıq işləri ilə məşğul olurdum. Çox böyük işlər görüldü. Bir il sədr əvəzi kimi çalışmışam. Böyük işlər oldu. İttifaqda 17 tamaşa oynadılar. Ötən gün konfrans da çox yaradıcılıq şəraitində keçdi. Yekdilliklə səs verildi ki, İttifaqın sədri olum. Bundan sonra planlar çoxdur. Teatr İttifaqında aktyor evinin səhnəsini və zalını lazımi səviyyədə təmir etməyi düşünürük. Yaxşı vəziyyətdə deyil. Məqsəd yaxşı vəziyyətə gətirtməkdir",- deyə H.İsmayılov fikrini tamamlayıb.
Xatırladaq ki, ittifaqın əvvəlki sədri Azərpaşa Nemətov 2023-cü il aprelin 9-da vəfat edib.
Nəzrin Vahid
Rəylər