Hacı Məmmədovun bandasının üzvü olan, sabit silahlı qruplarda (bandalarda) və ya onların törətdikləri basqınlarda iştirak etməkdə təqsirləndirilən Hüseynağa Zərbəliyevin cinayət işinin bəzi detalları məlum olub.
“Report”un əldə etdiyi məlumata görə, istintaqla müəyyən olunub ki, təqsirləndirilən şəxs qeyriləri ilə sabit silahlı qrupun (bandada) törətdiyi basqında iştirak edərək, Tofiq Bayramovun həyatı və səhhəti üçün təhlükəli üsulla və ona fiziki iztirab verməklə qanunsuz azadlıqdan məhrum edib.
Belə ki, o, 1996-cı ilin iyul ayında Bakı şəhərində əvvəllər tanıdığı Abuzər Abuzərovun paytaxt sakini Tofiq Bayramova basqın edib onu oğurlamaq, azadlıqdan qanunsuz məhrum etmək və hədə-qorxu ilə külli miqdarda əmlakını tələb edib almaq məqsədilə təşkil etdiyi sabit silahlı qrupa - bandaya Səyyad Allahverdiyev, Qabil Ağayev, Afər Kərimov və qeyriləri ilə birlikdə üzv kimi daxil olub.
Abuzər Abuzərovun sifarişi və apardığı vəzifə bölgüsünə uyğun olaraq Səyyad Allahverdiyev və Vidadi Əliyev Tofiq Bayramovun məşğuliyyəti, yaşayış yeri və maddi vəziyyəti barədə zəruri məlumatları ona çatdırıb.
İttiham aktında göstərilib ki, bandanın himayədarı Rasim Cəbrayılovun razılığı və məsləhətləri əsasında 1996-cı il avqustun 3-də saat 2 radələrində Bakı şəhəri, S.Vurğun küçəsindəki “Lord-Nitsan” barının qarşısında Tofiq Bayramovun taksi kimi istifadə etməklə müştəri gözlədiyi VAZ-2105 markalı 10-DS-946 dövlət nömrə nişanlı avtomaşınına Qabil Ağayevlə əyləşib “Montin” qəsəbəsinə sürməyi tələb edib.
O, “Çermet” adlanan körpünün yaxınlığında avtomaşını saxlatdırıb, Tofiq Bayramovun üzərinə istintaqa məlum olmayan bihuşedici vasitədən silah qismində istifadə etməklə basqın edib, əllərini və gözlərini bağlayıb, onu avtomaşından düşürüb, orada gözləyən bandanın üzvü Afər Kərimovun köməyi ilə VAZ-21099 markalı avtomaşına zorla əyləşdirib.
İstintaqla o da müəyyən edilib ki, zərərçəkmiş öncə evin həyətindəki qarajda, sonradan Novxanıdakı bağ evində 13 gün əlləri və gözləri bağlı vəziyyətdə dəmir yaylı çarpayıya bağlı saxlanılıb.
Banda üzvləri bu müddətdə onun həyat yoldaşı Qənimət Bayramova ilə telefon əlaqəsinə girib onun Tofiq Bayramovu öldürəcəkləri ilə hədələyərək 300 min ABŞ dolları, hazırkı dövrün məzənnəsi ilə 258 min manat pul vəsaitini-əmlakını tələb edib. Bundan sonra zərərçəkmişi 1996-cı il avqustun 16-da paytaxtın Sabunçu rayonu Kürdəxanı kəndində azad ediblər.
Qeyd edək ki, hazırda cinayət işi üzrə məhkəmə istintaqı Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Əli Məmmədovun sədrliyi ilə araşdırılır.
Zərərçəkmiş şəxs qismində Tofiq Bayramov tanınıb.
H.Zərbəliyevə qarşı Cinayət Məcəlləsinin 217.2-ci (banditizm, sabit silahlı qruplarda (bandalarda) və ya onların törətdikləri basqınlarda iştirak etmə) maddəsi ilə ittiham irəli sürülüb.
Rəylər