"İtmiş çamadanlar satılır. Üç aydan çox saxlanılan baqaj utilizasiyaya göndərilir. Anbarımızı boşaltmalı olduğumuz üçün çamadanları cəmi 1.88 AZN-ə satırıq".
Oxu.Az xəbər verir ki, belə bir paylaşım sosial şəbəkələrdə "Bakı Hava Limanı"nın elanı kimi yayılıb.
Hava Limanı adından 1.88 AZN-lik "çamadan" tələsi - ALDANMAYIN
"Elan"ın şərh bölümündə isə saxta profillər guya bu çamadanları aldıqlarını və içindən xeyli pul, qızıl-zinət əşyaları çıxdığını iddia ediblər.
Məsələ ilə bağlı Heydər Əliyev Beynəlxalq Aeroportuna sorğu ünvanladıq.
Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi və Heydər Əliyev Beynəlxalq Aeroportu məsələyə dair birgə açıqlama yayıb.
Oxu.Az-a təqdim olunan açıqlamada bildirilir ki, son günlərdə Heydər Əliyev Beynəlxalq Aeroportunun adından sosial şəbəkələrdə açılmış saxta səhifələrdə guya itmiş baqajların satışı ilə bağlı elanlar yerləşdirilir və vətəndaşların şəxsi məlumatlarının toplanmasına cəhd edilir.
"Bildiririk ki, bu tip məlumatlar tamamilə saxtadır və Bakı hava limanı ilə heç bir əlaqəsi yoxdur. Vətəndaşlarımızı diqqətli olmağa çağırır, məlumatları yalnız rəsmi mənbələrdən, o cümlədən Heydər Əliyev Beynəlxalq Aeroportunun rəsmi airport.az saytından və sosial şəbəkə hesablarından izləməyi tövsiyə edirik. Saxta material və onun mənbəyi barədə müvafiq tədbirlər görülməkdədir".
Əzizə İsmayılova
Rəylər