Heydər Əliyev Beynəlxalq Aeroportunda daim açıq, ödənişsiz "WiFi" internet olurdu. İndi onu hansısa səbəbdən kəsiblər.
Oxu.Az xəbər verir ki, belə bir narazılıq sosial şəbəkədə müzakirə mövzusuna çevrilib.
Qeyd olunub ki, əvvəl təyyarədən düşəndə "WhatsApp"dan istifadə etmək olurdu, indi onu da kəsiblər. "Yəni beşulduzlu aeroportumuzun sərnişinlərini internetlə təmin etmək imkanı yoxdur?" - deyə şikayətdə vurğulanıb.
Məsələ ilə bağlı Heydər Əliyev Beynəlxalq Aeroportuna sorğu ünvanladıq.
Qurumun mətbuat katibi Nərmin Xəlilova Oxu.Az-a açıqlamasında problemin olduğunu təsdiqləyib.
"Heydər Əliyev Beynəlxalq Aeroportunda internet bağlantısının təkmilləşdirilməsi məqsədilə avadanlıqların yenilənməsi işləri aparılır. Bu proses sərnişinlərimiz üçün daha dayanıqlı və sürətli internet bağlantısı təmin etməyə yönəlib. Yenidənqurma işləri səbəbindən şəbəkəyə giriş müvəqqəti olaraq fasilələrlə məhdudlaşdırıla bilər", - deyə N.Xəlilova bildirib.
Əzizə İsmayılova