"Yaşıl dünya naminə həmrəylik ili" və BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəfləri Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən "Gənc arıçı" layihəsi Qəbələ rayonunda uğurla davam edir.
Oxu.Az xəbər verir ki, IDEA İctimai Birliyi, Azərbaycan Respublikasının Gənclər Fondu, Dövlət Məşğulluq Agentliyi və "ABAD" publik hüquqi şəxsin birgə təşkilatçılığı ilə həyata keçirilən layihə çərçivəsində gənc ekosahibkarlara arı ailələri və zəruri avadanlıqlar təqdim olunub.
Qeyd edək ki, layihə gənclər və gənc ailələr üçün arıçılıq təsərrüfatının yaradılması və düzgün inkişaf etdirilməsinə istiqamətlənib. Layihə çərçivəsində seçilən 20 gəncə və gənc ailəyə peşəkar mütəxəssislərin iştirakı ilə bir aylıq təlim proqramı keçirilib. Təlimləri başa vuran gənclər arıçılıq təsərrüfatı üçün lazım olan arı ailəsi və pətəkləri, arıçı geyimi, balsüzən aparat və digər ləvazimatlarla tam təchiz olunublar və gənc arıçılara istehsalat prosesini effektiv icra etmələri üçün lazımi şərait yaradılıb.
Gənc arıçıların iki il ərzində təbii artım vasitəsilə pətək saylarının çoxaldılması üçün təsərrüfatları mütəxəssislər tərəfindən mütəmadi olaraq monitorinq ediləcək və onlara zəruri məsləhətlər veriləcək. Bazar iqtisadiyyatı şəraitində rəqabətədavamlı bal istehsalı mərhələsinə çatması üçün yeni arıçılara öz məhsullarını sərgiləməklə geniş müştəri bazasına çıxış əldə etməyə və satışın səmərəli təşkilinə köməklik göstərilməsi planlaşdırılıb.
Xatırladaq ki, layihə 2021-ci ildən icra olunmağa başlanıb. Layihənin məqsədi biomüxtəlifliyin qoruyucusu olan arıların ölkəmizdə arealını artırmaq, arıçılıq təsərrüfatının ekosahibkarlıq növü kimi Azərbaycanın bölgələrində yayılmasını təşviq etmək, təbii bal istehsalının təmin olunmasına dəstək vermək, gənc ailələrin maddi rifahının yaxşılaşdırılmasına töhfə vermək və gənclərin məşğulluğunu təmin etməkdir.