Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Nazirlər Kabinetinin qərarında altıgünlük iş həftəsi ilə işləyənlər niyə yer almırlar?
Qarşıdan gələn Dünya Azərbaycanlıların Həmrəyliyi Günü və Yeni il ilə əlaqədar olaraq Azərbaycanda ardıcıl yeddi gün qeyri-iş günü olacaq.
Oxu.Az xəbər verir ki, bu barədə ötən gün Nazirlər Kabineti qərar açıqlayıb.
Amma yeddigünlük istirahət yalnız beşgünlük iş həftəsi ilə işləyənlərə aiddir.
Bəs Nazirlər Kabinetinin qeyri-iş günlərinin müəyyən olunması ilə bağlı qərarlarında altıgünlük iş həftəsi ilə işləyənlər hansı səbəbdən yer almır?
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, bu məsələ Əmək Məcəlləsinə əsasən tənzimlənir.
"Əmək Məcəlləsinin 90-cı maddəsinə (Həftəlik tam iş vaxtının müəyyən edilməsi - red.) əsasən, bir qayda olaraq, iki istirahət günü olan beş günlük iş həftəsi müəyyən edilib.
Eyni zamanda işəgötürənlər işin, istehsalın, əmək şəraitinin xarakterinə əsasən bir istirahət günü olan altıgünlük iş həftəsi müəyyən edə bilərlər. Bu zaman beşgünlük iş həftəsinin iş vaxtı norması nəzərə alınmalıdır.
Məhz buna uyğun olaraq da Nazirliyin Kollegiya qərarı ilə beşgünlük iş həftəsinə uyğun olaraq iş vaxtı norması və istehsalat təqvimi təsdiq edilir. Bu səbəbdən də Nazirlər Kabinetinin yekun olaraq qəbul edilən qərarı beşgünlük iş həftəsi ilə işləyənlərə aiddir.
Altıgünlük iş saatı tətbiq edilən iş yerlərində işəgötürənlər iş vaxtı rejimini tənzimləyən qaydaları özləri müstəqil tənzimləyə bilərlər", - deyə məlumatda bildirilir.
Qeyd edək ki, Əmək Məcəlləsinin 90-cı maddəsinin 3-cü bəndinə əsasən, altıgünlük iş həftəsində həftəlik norma 40 saat olduqda gündəlik iş vaxtının müddəti yeddi saatdan, həftəlik norma 36 saat olduqda gündəlik iş vaxtının müddəti altı saatdan və həftəlik norma 24 saat olduqda gündəlik iş vaxtının müddəti dörd saatdan çox ola bilməz.
Əzizə İsmayılova
Rəylər