Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Ödənişsiz oxuyan uşaqlar 23 yaşına kimi aliment ala bilərlər?
Azərbaycan Respublikasının Ailə Məcəlləsinə əsasən, yetkinlik yaşına çatmayan uşaqları ata və anaları saxlamağa borcludurlar.
Eyni zamanda, nikahı pozulmuş və uşaqlarından ayrı yaşayan valideynlər övladlarını saxlamaq üçün müəyyən məbləğdə pul ödəməyə borcludurlar. Həmin pul və məbləği aliment adlanır və aliment valideyni tərəfindən övlada yetkinlik yaşına çatana qədər verilməlidir.
Oxu.Az xəbər verir ki, aliment məsələsində vətəndaşları maraqlandıran əsas suallardan biri 18 yaşına çatmış uşağın ali təhsil müəssisəsinə qəbul olunduğu təqdirdə aliment müddətinin 23 yaşına kimi uzadılıb-uzadılmaması ilə bağlıdır.
Yəni, əgər uşaq 18 yaşa çatıb və ali məktəbdə ödənişsiz ixtisasa qəbul olubsa, bu zaman aliment müddəti 23 yaşına kimi uzadılırmı?
Məsələ ilə bağlı Oxu.Az-ın sualını cavablandıran hüquqşünas Emil Aslanov bildirib ki, yalnız bir halda alimentin verilməsi 23 yaşına kimi davam edə bilər:
"Aliment övlad yetkinlik yaşına çatana qədər verilir. Uşaq yetkinlik yaşına çatanda isə alimentin verilməsi dayandırılır. Əgər yetkinlik yaşına çatan uşaq ali məktəbə qəbul olursa və ödənişsiz təhsil alacaqsa, 23 yaşına qədər alimentin verilməsi davam edir, amma bu dəfə onu valideyn ödəmir. Belə olan halda alimentin Sosial Müdafiə Fondu tərəfindən ödənilməsi nəzərdə tutulur".
Məsələ ilə bağlı Sosial Müdafiə Fonduna da sorğu ünvanladıq.
Fondun Mətbuat Xidmətindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirildi ki, sosial ödənişlərdən aliment tutulmaları, qanunvericiliyə əsasən, Fondun Nizamnaməsi ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə aid deyil.
"23 yaşınadək əyani təhsil alan şəxslərə fond tərəfindən ödənilən sosial ödəniş növlərinə gəlincə isə, buraya ailə başçısını itirməyə görə pensiya və yaxud müavinət daxildir. Belə ki, ailə başçısını itirməyə görə əmək pensiyası ölüm gününədək ailə başçısının qanunda tələb edilən sığorta stajı olduqda (bu qanunun qüvvəyə mindiyi günədək ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) təyin olunur.
Vəfat etmiş şəxsin 18 yaşına çatmamış övladının, 18 yaşına çatanadək əlilliyi müəyyən edilmiş və 18 yaşından sonra əlilliyi davam etmiş övladının, təhsil müəssisələrinin əyani şöbəsində təhsil alan (lakin ən çoxu 23 yaşına çatanadək) övladının ailə başçısını itirməyə görə əmək pensiyası hüququ var. Pensiya hüququ yaranmadıqda isə ailə başçısını itirməyə görə müavinət təyin edilir", - deyə Fondun məlumatında qeyd olunur.
Qeyd edək ki, aliment könüllü ödənilən zaman valideynlər Ailə Məcəlləsinin 75.3-cü maddəsinə uyğun olaraq, aliment ödənilməsi barədə saziş imzalaya və həmin sazişdə ödəniləcək alimentin məbləğini müəyyən edə bilərlər.
Valideynlər arasında aliment ödənilməsi barədə saziş olmadıqda isə bu məsələ məhkəmə qaydasında həll edilir.
Məhkəmə qaydasında uşaqlar üçün onların valideynlərindən hər ay aşağıdakı miqdarda aliment tutulur:
1 uşağa görə - qazancın və başqa gəlirlərin dörddəbir hissəsi;
2 uşağa görə - qazancın (başqa gəlirlərin) üçdəbir hissəsi;
3 və daha çox uşağa görə - qazancın (başqa gəlirlərin) yarısı.
Bu payların miqdarı məhkəmə tərəfindən valideynlərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər.
Əgər aliment məhkəmə qaydasında müəyyən olunubsa, ondan imtinaya yol verilmir, məhkəmə qərarının icra edilməməsi isə cinayət məsuliyyəti yaradır.
Əzizə İsmayılova
"Aliment verilməsi" teqi üzrə xəbərlər
- Azərbaycanda boşananlara BƏD XƏBƏR: Aliment ARTIRILIR
- Hədə-qorxu ilə ailə quran kişi uşağın ondan olmadığını iddia edir: Aliment vermək istəmir
- Naxçıvanda üzrsüz səbəbdən aliment ödəməyənlər həbs olundular
- Bu xəbərləri qaçırmayın: 09.10.2024-ün ən mühüm hadisələri
- Süni mayalanmanın yaratdığı PROBLEM - Bioloji ata olmayanlar aliment ödəməlidirlər?
Rəylər