Qan Turalı yazır...
Azərbaycanda qan qohumlarının nikaha daxil olması qadağan edilməsi xəbəri aydın səmada şimşək kimi çaxdı və böyük rezonans yaratdı. Ancaq maraqlıdır ki, bu xəbər məmnunluqla qarşılanır.
Məsələnin sosial və tibbi tərəfləri var. Əvvəlcə sosial səbəblərdən başlayaq. Tarix boyunca qan qohumları arasındakı evliliklə bağlı müxtəlif adətlər formalaşıb. Xristianlıqda qohum evliliklərinə böyük ölçüdə icazə verilmir və buna görə də xristianlığın yayıldığı ölkələrdə bu cür evliliklər demək olar ki, mövcud deyil.
Reallıqda bu cür evlilik olmadığı üçün Niderlandda qohum evlilikləri qadağan edilməyib. Ancaq 2015-ci ildə miqrantlar arasında qohum evliliyi hallarının artması dövləti ciddi addımlar atmağa sövq etdi və bu, qanunla qadağan edildi.
Müsəlman ölkələrində bu cür evliliklər daha geniş yayılıb. Çünki islam dini bu cür nikahları həvəsləndirməsə də qadağan da edilməyib. Ancaq bəzi şafiilik və hənbəlilik kimi sünni məzhəbləri qohumlar arasındakı nikahı "məkruh" (bəyənilməyən) hesab edir.
İslam ölkələri arasında Tacikistan 2015-ci ildə qohum evliliklərini qadağan etdi. Tacikistan hökuməti hər il ölkədə 25 min uşağın sağlamlıq imkanlarının məhdud vəziyyətdə doğulduğunu və bu rəqəmin üçdə birinin qohum nikahlarının payına düşdüyünü bildirir.
Yeri gəlmişkən, Çində də qohum evlilikləri qadağandır. Göründüyü kimi, qadağa təkcə ənənəvi xristian cəmiyyətlərində mövcud deyil.
Bütün bu qadağalarla birlikdə, qadağanın mövcud olmadığı yerlər də çoxdur. Hazırda dünyada doğulan uşaqların 8,4 faizi qohum nikahlarının nəticəsində doğulur. Hindistan, Misir, Türkiyə kimi ölkələrdə bu rəqəm daha yüksəkdir. Burada tibbi bir statistikanı da qeyd etmək mütləqdir. Belə ki, qohum nikahları nəticəsində uşaqların sağlamlıq imkanlarının məhdud şəkildə doğulması faizi digər nikahlara nisbətən iki dəfə artıqdır.
Bir sözlə, ortada hamıya məlum olan bir həqiqət var. O da qohum evliliklərinin tibbi baxımdan təhlükəli olmasıdır. Bu mənada Ailə məcəlləsinə təklif olunan dəyişikliklər mühüm əhəmiyyət daşıyır. Ancaq qanunun çalışma mexanizmi ilə bağlı müəyyən problemlər mövcuddur.
Hər şeydən qabaq, bu sahədə düzgün maarifləndirmə işinin aparılması mühüm əhəmiyyət daşıyır. İnsanları əsrlərdir mövcud olan adət-ənənələrdən çəkindirmək heç də asan deyil. Bunun üçün insanlara qohum nikahlarının təhlükələri düzgün izah edilməli, onların bu sahədəki savadları artırılmalıdır. Uğurlu maarifləndirmə prosesi qanunun işləkliyini təmin edəcək. Əks halda, problemlər qaçılmazdır.
Azərbaycanda qohum nikahları üzrə statistika kifayət qədər yüksəkdir. Belə ki, Ədliyyə nazirliyinin açıqladığı rəqəmlərə görə 2021-ci ildə 2 363, 2022-ci ildə isə 2 542 bu cür nikah qeydə alınıb. (Ən çox da Bakıda, Mil-Muğan və Lənkəran-Astara regionlarında) 2021-ci ildə ölkəmizdə 56 314 nikah qeydə alınıb. Bu da nikahların 4 faizinin, yəni iyirmi beşdən birinin qohumlar arasında olduğunu göstərir. O qədər də dəhşətli statistika olmasa belə, hər bir halda problemli statistikadır.
Bir sözlə, qohum nikahlarının qadağan edilməsi daha sağlam cəmiyyət üçün atılması mühüm olan addımlardan biridir. Qadağaya əməl edilməsi sosial və tibbi cəhətlər üzrə böyük əhəmiyyət daşıyır.