Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Ölkəyə əcnəbi işçi qüvvəsinin cəlbi ilə əlaqədar rüsum və müddətlərdə güzəştlər nəzərdə tutulur
"130 mindən çox keçmiş məcburi köçkün məşğulluq proseslərinə cəlb olunub".
Oxu.Az xəbər verir ki, bunu əmək və məşğulluq münasibətlərinin tənzimlənməsi, "DOST" müfəttiş layihəsinin təqdimatı zamanı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Sadiq Əliyev deyib.
O bildirib ki, ölkə başçısının apardığı sosial siyasətə uyğun olaraq əhalinin məşğulluq xidmətinə cəlb edilməsi və bu istiqamətdə işlərin genişləndirilməsi aparılır:
"Nazirlik və məşğulluq xidməti işğaldan azad olunmuş ərazilərdə məşğulluq tədbirlərinin dəstəklənməsinə xüsusi diqqət ayırır. İşğaldan azad olunmuş ərazilərə köçürülməsi nəzərdə tutulan işçi qüvvəsinin peşə və ixtisas mənzərəsinin müəyyənləşməsi istiqamətində tədbirlər görülür.
Azad olunmuş ərazilərdə əhalinin məşğulluğunun təmin edilməsi istiqamətində sosial partnyorluq öhdəliklərinin yaradılması önəmlidir. Dövlət Məşğulluq Agentliyi vakansiya bankına məlumatların daxil edilməsi, o məlumatların idarə edilməsi, işəgötürənlərlə əməkdaşlıqla yanaşı, artıq köçmüş və köçürülməsi nəzərdə tutulan əhalinin peşə hazırlığına cəlb edilməsində innovativ alətlərdən istifadəsinə artıq başlanılıb".
S.Əliyev onu da əlavə edib ki, 2026-cı ilə qədər köç etmiş və köç edəcək 12 mindən çox şəxsin peşə hazırlığı proqramına cəlb edilməsi nəzərdə tutulur:
"İşəgötürənlərin də bu istiqamətdə əməkdaşlığa dəvət edirik. Stimullaşdırıcı tədbir olaraq adambaşına maliyyələşmə məbləğinə 20 faiz əlavə olunur. Hazırda Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonlarına giriş portalında olan məlumatların əmək və məşğulluğun altsisteminə inteqrasiyası aparılır. Bu da daha operativ tədbirlərin görülməsinə xidmət edəcək. Eyni zamanda işğaldan azad edilmiş ərazilərdə özəl sektora 2023-cü ilin 1 yanvar tarixindən etibarən subsidiya şəklində 10 il müddətinə güzəştlərin verilməsi tətbiq edilir. Eləcə də əcnəbi işçi qüvvəsinin cəlbi ilə əlaqədar rüsum və müddətlərdə güzəştlər nəzərdə tutulur".
Könül Cəfərli
Rəylər