44 günlük Qarabağ savaşında bir çox peşə sahibləri ilə yanaşı, həm də şairlər iştirak ediblər. Sözləri silahları kimi iti olan şairlər iki cəbhədə vuruşublar, əslində.
Oxu.Az həmin şairlərdən bir neçəsini təqdim edir:
Şair Nicat Fərman Vətən müharibəsində könüllü olaraq iştirak edib. O deyir ki, müharibə insanlıq tarixi boyunca yaşanan ən çətin və ağrılı hadisələrdən biridir:
"O, yalnız döyüşlərin və itkilərin deyil, həm də insanlara psixoloji, sosial və iqtisadi təsirlərinin ağırlaşması ilə nəticələnir.
Müharibədən öncə az-çox bu barədə məlumatım var idi. Yalnız canlı şahidi olmaq insana tamam başqa hisslər aşılayır. İnsanın bütün düşüncəsi bir fikrə köklənir: görəsən, nə vaxta kimi tab gətirə biləcəyəm? Vətənin azadlığını tam olaraq görə biləcəyəmmi? Hər itki verdikdən sonra yeni fikirlər doğur: görəsən, mənim növbəm nə vaxtdır? Evə necə qayıdacağam: şəhid olaraqmı, yaralı olaraqmı?
Tək qorxum, bədənimin hər hansısa üzvünü itirib sağ qalmaq idi. Şəhid olmağa isə tam olaraq özümü hazırlamışdım. Orada insan hər saniyənin necə dəyərli olduğunu anlayır. Müharibə həyatımda, demək olar ki, bir çox şeyi dəyişdi. Həyata baxışım, düşüncə tərzim dəyişdi. Zamanın necə qiymətli olduğunu daha gözəl anladım. Çünki o vaxta kimi zamanla yarışmamışdım.
Millətimin necə mərd, necə qəhrəman olduğunun artıq tarix kitablarında yox, birbaşa tarix yazarkən şahidi oldum. Əsl sevgi, əsl məhəbbət, əsl dostluq gördüm.
Şükür, müharibə qələbə ilə bitdi. Bizim də bu qələbədə zərrə qədər də olsa payımız oldu. Bu qələbəni bizə bəxş edən aramızdan ayrılan yoldaşlarımız oldu. Onlar hər zaman, var olduqca xatirəmdə yaşayacaqlar. Allahdan onlara rəhmət diləyirəm".
Nicat Fərman Cəbrayıl və Qubadlının azad olunmasına görə və "Vətən müharibəsi iştirakçısı" medalları ilə təltif olunub.
Emin Piri cəbhəyə könüllü yollanıb. Müharibə dövründə taqım komandiri olub. Füzuli, Cəbrayıl, Xocavənd, Xocalı, Şuşa kəndlərinin azad olunması uğrunda döyüşüb. Son xidmət yeri Laçın olub.
"Füzuli, Cəbrayıl, Hadrut cəbhəsi... Burada ulduzlarla deyil, hər minaatan mərmisi ilə sayırıq yarım qalan ümidləri, anaların göz yaşını. Bir döyüşçü sevgilisinin bətnində ölən arzusunu..." - deyən şair müharibə zamanı xidmətlərinə görə leytenant rütbəsindən baş leytenant rütbəsinə yüksəlib.
Həmişə şeirləri ilə fərqlənən Emin Piri cəbhədə də qəhrəmanlığı, şücaəti ilə seçilib.
Döyüşçü şair "Xocavəndin azad edilməsinə görə", "Vətən müharibəsi iştirakçısı", "Hərbi xidmətdə fərqlənməyə görə" medalları ilə təltif olunub.
Aprel döyüşləri zamanı "Qarabağa doğru" şüarı altında cəbhə bölgəsinə böyük bir yürüş təşkil edən Oğuz Alparslan Vətən müharibəsində könüllü olaraq iştirak edib. Onun döyüş yolu Füzulidən başlayıb, Cəbrayıl, Qubadlı, Hadrut, Xocavənd, Tağaver, Tuğ, Qırmızı Bazar istiqamətlərində davam edib:
"Döyüş əməliyyatlarında həm bir vətəndaş, həm də incəsənət adamı olaraq iştirak etmək mənim üçün bəlkə də, böyük bir fürsət idi. Həm vətəndaşlıq borcumu yerinə yetirirdim, həm də bir yazar olaraq, gələcək nəsillər üçün yazılacaq bir çox hekayənin şahidi olurdum.
Mən yaradıcılıq yolumda təxəyyülümdəki qəhrəmanlardan yox, çiyin-çiyinə döyüşdüyüm adamlardan yazdım.
Çox şəhid verdik. Lakin zəfər bizim ən böyük sevincimiz oldu. Gözümüzdə yaş yox, ürəyimizdə vətən sevdası, Zəfərin verdiyi fərəhin işığı var. Nə yaxşı ki, Vətən müharibəsində bu vətənin bütövlüyü, azadlığı üçün mən də öz kiçik vəzifəmi yerinə yetirmək şərəfinə nail ola bildim. Bununla fəxr edirəm!"
Oğuz Alparslan Cəbrayıl və Qubadlının azad olunmasına görə və "Vətən müharibəsi iştirakçısı" medalları ilə təltif olunub.
Müharibədə iştirak edən şairlərdən biri də Elvin İntiqamoğlu olub.
Ağcabədi rayonunun Hindarx qəsəbəsindən başlayaraq, Füzuli, Cəbrayıl, Xocavənd rayonlarında döyüşən şair oktyabrın 13-də Füzulinin Musabəyli kəndində yaralanıb. Hospitalda müalicə aldıqdan sonra yenidən döyüşlərə qatılıb. Müharibədə gördüklərini, yaşadıqlarını qələmə alan şairin arzusu bütün müharibə xatirələrini nəzmə çəkib "Müharibə şeirləri silsiləsi" başlığı altında kitab çap etdirməkdir.
E.İntiqamoğlu "Füzulinin azad olunmasına görə" və "Vətən müharibəsi iştirakçısı" medalları ilə təltif olunub.
Xanım Aydın
Rəylər