Lökbatan dairəsində tıxac yaranıb.
Oxu.Az xəbər verir ki, Qaradağ rayonu, Lökbatan qəsəbəsi istiqamətində avtomobil yolunun bir hissəsində təmir işləri gedir.
Nəqliyyat vasitələrinin hərəkətində yaranan tıxacın uzunluğu bir neçə kilometrə çatır.
Məsələ ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb. Bildirilib ki, Salyan şosesində (Bibiheybət şosesindən Lökbatan dairəsinə qədər) təmir işlərinə başlanılıb.
Məlumata görə, hazırda ərazidə köhnə asfalt-beton örtüyünün frezlənməsi, səkilərin yenilənməsi işləri yerinə yetirilir.
İşlərin aparıldığı ərazidə hərəkət tam məhdudlaşdırılmır. Yalnız ərazidən keçən avtonəqliyyat vasitələrinin və çalışan işçilərin təhlükəsizliyi baxımından müəyyən hərəkət zolaqları üzrə qismən məhdudlaşma tətbiq edilir.
"Bir daha sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, təmir müddətində sözügedən hissədə hərəkətdə olarkən diqqətli olmaları, təmir ərazisində qoyulacaq müvəqqəti yol nişanlarının tələblərinə və yol hərəkəti qaydalarına riayət etmələri xahiş olunur", - deyə agentlik bəyan edib.
Könül Cəfərli
Rəylər