Son dövrlər tıxacsız bir günümüz də yoxdur desək, yanılmarıq. Görünən odur ki, problemin səbəbləri geniş, həlli isə uzaqdadır.
Bəs maraqlıdır, hər gün işə gecikməyimizə, töhmət almağımıza səbəb olan tıxacların psixologiyamıza zərərləri nələrdir?
Oxu.Az məsələ ilə bağlı ekspertlərin fikirlərini öyrənib.
Psixoloq Elmir Əkbər qeyd edib ki, tıxaclar bütün insanlara ciddi psixoloji əziyyət verir.
"Xüsusilə perfeksionizmə meyilli insanlar tıxaclardan daha çox əziyyət çəkirlər. Bu səbəbdən sonradan onlarda panik ataklar meydana çıxır, şüuraltı olaraq idarəetməni itirdiklərini düşünürlər və çox ciddi təşviş və həyəcan yaşayırlar. Son dövrlər ən geniş yayılmış xəstəliklər - təşviş, həyəcan pozuntusu və panik atakdır. Qeyri-peşəkar insanlar üçün, biz hamımız tıxaclarda əziyyət çəkirik".
Klinik psixoloq Fuad Əsədov da qeyd edib ki, uzun müddət tıxacda qalmağın psixologiyaya bir neçə mənfi təsiri var:
"Ən birincisi, stres və əsəb səviyyəsinin artmasıdır. Tıxacda insanlar hərəkət edə bilmədikləri üçün nəzarəti itirmə təşvişini yaşayırlar. Zaman narahatlığı və gecikmə qorxusu da stresi artıran faktorlardandır.
İkincisi, tıxacda aqressivlik və qəzəb artır. Hərəkətsiz vəziyyətdə olmaq digər insanlarla münaqişələrə səbəb olur.
Bundan əlavə, insanlar tıxacda qaldıqca özlərini səmərəsiz hiss edirlər ki, bu da motivasiyaya və ümumi psixoloji rifaha mənfi təsir edir.
Nəhayət, tıxacda fiziki yorğunluq və təklik hissi də yarana bilər. Uzun müddət eyni pozisiyada oturmaq bədəndə sosial izolyasiya hissini gücləndirir".
Məhərrəm Əliyev