"Wikipedia" 2001-ci ildə Cimmi Ueyls tərəfindən ABŞ-də yaradılıb. Hazırda ingiliscə "Wikipedia"da 6 milyon, azərbaycanca isə 200 min məqalə mövcuddur. Rəqəmlərdən də aydın görünür ki, aradakı fərq olduqca böyükdür. Postsovet ölkələri arasında da Azərbaycan məqalə sayına görə geridədir.
Bu böyük platformada ölkəmizlə yanaşı onun dəyərli ziyalıları, alimləri, mədəniyyət nümayəndələri və s. haqqında məqalələr yazmaq bəlkə də bizim ən ümdə arzumuza çevrilməlidir. Bəs niyə yazmırıq və buna səbəb nədir?
"Wikipedia" könüllüsü Nəriman Məmmədli Oxu.Az-a müsahibəsində deyir ki, "Wikipedia"ya həvəsi olanlar bir neçə redaktə etdikdən sonra hansısa bir çətinliklə qarşılaşırlar, bəzən həll edə bilmədikləri üçün platformanı tərk edirlər. Digər səbəb isə maddi marağın olmamasıdır.
"Bir çox ölkələr bu sahədə daha yaxşı təşkilatlanıb, oflayn fəaliyyətlə məşğul ola bilmələrinə imkan yaradır. Türkiyə, Gürcüstan və s. kimi ölkələrin qanunvericiliyi onlara "Wikipedia" sahibi olan "Wikimedia" Fondundan qrant alaraq müxtəlif tədbirlər keçirməyə icazə verir, bizdə isə belə bir qanun yoxdur".
Könüllü bildirir ki, "Wikipedia"nın tələblərinə cavab vermək üçün internet resurslarında haqqında əhəmiyyətli, dolğun məlumatlar olmalıdır:
"Yəni haqqında internetdə əhəmiyyətli, dolğun məlumatlar olmalıdır ki, "Wikipedia"nın tələblərinə cavab versin. "Wikipedia"da sadəcə mediada, ədəbiyyatda geniş əhatə olunmuş şəxslər və s. barədə məlumatlar ola bilər. Necə ki, hər şəxs Sovet ensiklopediyasına və ya Milli ensiklopediyaya düşə bilməz, "Wikipedia" da o qaydada. "Wikipedia"nı öz maraqları üçün reklam aləti kimi görənlər də var. Özü, yaxınları, tanışı, şirkəti, layihəsi haqqında məqalə yazmaq istəyənlər çoxdur. Amma bu məqalələrin əksəriyyəti "Wikipedia"nın tələblərinə cavab vermədiyi üçün bir müddət sonra silinir. Bundan başqa silinən məqalələr əsasən ensiklopediklik kriteriyalarına cavab verməyən, test, vandalizm məqsədilə yaradılan məqalələrdir".
Nəriman Məmmədlinin sözlərinə görə, "Wikipedia"da istənilən şəxs məqalə yaza bilər. Bundan başqa redaktə və tərcümələr etmək də mümkündür:
"Sadaladıqlarımızı qeydiyyatdan keçmədən də etmək mümkündür. Əgər istəyirsinizsə ki, gördüyünüz işlər sizin adınıza yazılsın o zaman mütləq qeydiyyatdan keçməlisiniz. "Wikipedia"nın kağız ensiklopediyalardan üstünlüyü daim redaktə etməyin mümkün olmasıdır".
Hazırda mağazaların birində dizayner kimi çalışan 51 yaşlı vikipediyaçı Araz Yaquboğlu yeddi mindən çox məqalə dərc edib. Müsahibimiz deyir ki, zamanımı boş yerə sərf etməkdənsə faydalı iş görməyə üstünlük verirəm:
"2010-cu ildən azərbaycanca "Wikipedia"da redaktələr etməyə başlamışam. 2013-cü ildə azərbaycanca "Wikipedia"da inzibatçı seçilmişəm. Həmçinin 2015-ci ildən azərbaycanca "Vikikitab"da, 2016-cı ildən azərbaycanca "Vikimənbə"də, 2019-cu ildən isə azərbaycanca "Vikisitat"da inzibatçıyam. İşdən sonra nərd, domino və s. oynayıb pivə içərək vaxt keçirməkdənsə "Wikipedia"da nəsə etməyi daha faydalı hesab edirəm. Bununla Azərbaycan dilində informasiya bolluğu yaradır, kimlərəsə nəsə oxuyub öyrənməyində fayda vermiş oluram."
- Necə oldu ki, sizdə "Wikipedia"ya həvəs yarandı?
- 2000-ci illərdən başlayaraq boş vaxtlarımda əsasən araşdırılmayan aşıq və şairlər, nəsil şəcərələri, valideynlərimin vətəni olan Göyçə mahalı ilə bağlı mütəmadi tədqiqatlar aparır, məqalələr, memuarlar yazır, mətbuatda çap etdirirdim. 2010-cu ilin aprel ayı idi. Kiçik qardaşım Elməddin mənə "Wikipedia" haqqında məlumat verdi və bildirdi ki, burada fəaliyyət göstərsəm, daha yaxşı olar. O özü onda artıq "Elmeddin82" adı ilə aktiv "Wikipedia" istifadəçisi idi. Həqiqətən də "Wikipedia" xoşuma gəldi. Redaktələr etməyə başladım. Hər zaman "Wikipedia"da redaktə edəndə özümü mənəvi cəhətdən rahat hiss edir, dincəlir, ləzzət alıram.
- Demək qardaşınız da vikipediyaçıdır?
- Hazırda aktiv olmasa da, bəli. Hətta deyim ki, övladlarım da "Wikipedia" istifadəçilərdir. Oğlum bir neçə il öncə yaxşı məqalələr tərcümə edərək yazırdı. İndi isə qızım daha aktivdir. O, hüquqşünas olduğundan hüquqa aid mövzularda məqalələr yaradır. Bir neçə məqaləsi var ki, onlar statuslu məqalələrdir. Hərdən bir ana səhifəyə çıxır. Təvazökarlıqdan uzaq olsa da, deməliyəm ki, bizim ailəni "Vikipediyaçılar ailəsi" hesab etmək olar.
- Vikipediyada ilk yazınızı xatırlayırsınız? Kimin haqqında yazmışdınız?
- İlk dəfə Göyçə mahalının kəndləri haqqında yazmağa başlamışdım. Sonralar bu yöndə fəaliyyətimi genişləndirərək bütünlüklə tarixi torpaqlarımız olan Qərbi Azərbaycandakı kəndlərimiz haqqında məqalələr yazdım. Onu da xatırlayıram ki, bu işlərimdə mənbə kimi Əziz Ələkbərlinin "Qədim Türk-Oğuz yurdu "Ermənistan" və İbrahim Bayramovun "Qərbi Azərbaycanın türk mənşəli toponimləri" kitablarından istifadə edirdim. Çünki "Wikipedia"da yazılan hər cümlə belə etibarlı mənbələrə istinadən yazılmalıdır. Kəndlər haqqında məqalələrdən sonra isə Qərbi Azərbaycan doğumlu alimlər, dövlət xadimləri haqqında yazmağa başladım.
- Mənbə demişkən, azərbaycandilli mənbələr əlinizdə kifayət qədər varmı?
- Bəzi mövzuları əhatə edən kitablar, elektron fayllar əlimdə olsa da, Azərbaycanla bağlı daha geniş mövzularda mənbələr əlçatan deyil. Bu baxımdan bəzən Azərbaycan dilində mənbələrdən istifadə edə bilmək imkanlarımız da məhdud olur. Kitabların, jurnalların, qəzetlərin canlı linkləri internetdə yox kimidir. "Wikipedia"da isə çalışmaq lazımdır ki, istinad olunan mənbə yoxlanıla bilən olsun. Azərbaycanda elektronlaşdırılan bəzi kitablar geniş auditoriyaya açıq deyil. Yəni müəlliflik hüququ ilə qorunur. Onlardan yalnız kitabxanaların daxilində istifadə etmək mümkündür.
- Niyə bizim insanlar kontent yaratmaq istəmirlər?
Bilirsiniz ki, "Wikipedia"da fəaliyyət könüllüdür. Bu baxımdan ən birinci səbəb budur. Çünki bəzi insanlar qazancı olmayan hansısa fəaliyyətə normal baxmırlar. Bəzən mənə konkret sual verirlər ki, "Wikipedia"dan xeyriniz nədir? Deyirəm ki, heç nə. Deyən olub ki, onda ağılsız adamsınız. Nəyinizə lazımdır ki, xeyriniz olmayan işlə məşğul olursunuz. Amma o insanlar düşünmürlər ki, hər şeyi qazancla, xeyirlə ölçmək olmaz. Bu bizim ana dilimizdə olan ən yaxşı resursdur, bazadır. Hər kəs "Wikipedia"dan istifadə edir. Amma çox az adam var ki, "Wikipedia"ya töhfə verir. Hələ bəzən də bizi borclu çıxarırlar ki, niyə filan mövzu haqqında məqalə yoxdur. Adama deyərlər yoxdur, yaz ki, olsun da.
Almaz Qasımova
Rəylər