Xaçmaz rayonunun Yergüc kəndində bu il suvarma suyu ilə bağlı problemlər yaşanıb.
Bu barədə "Report"a yerli sakinlər məlumat veriblər.
Onların sözlərinə görə, suvarmaya su tapılmadığı üçün həm bağlar, həm də tərəvəz sahələri quruyaraq məhv olur, çəkilən əziyyət yerdə qalır.
Yergüc ərazisindəki qurumuş arxlara nəzər saldıqda kənddə su probleminin nə qədər ciddi olduğuna dair təsəvvür yaranır.
Kənd sakinləri deyiblər ki, yerli idarəetmə orqanları və Sudan İstifadəedənlər Birliyi suvarma suyunun bölgüsünü düzgün aparmadıqları üçün belə problem yaranıb. Sakinlərin şikayəti ilə bağlı əraziyə gələn Xaçmaz Rayon İcra Hakimiyyəti başçısının ərazi üzrə nümayəndəsi Rəşad Musayev, kənd bələdiyyəsinin sədri Ozal Əspəndiyev və Xaçmaz Rayon Suvarma Sistemləri idarəsinin rəisi Kamil Əliyev yaranmış vəziyyətə aydınlıq gətirməyə çalışıblar.
Kamil Əliyev bildirib ki, mənbədə kifayət qədər su olsa da, Sudan İstifadəedənlər Birliyi həmin suyu əraziyə çatdıra bilmədiyi üçün problem və narazılıq yaranır.
"Yergüc və Ağyazı kəndlərində suvarma suyu alan vətəndaşlar limitin azlığından şikayət edirlər. Biz də bu gün sakinlərin haqlı tələbinə uyğun olaraq Samur-Abşeron kanalından suyun alışını 2 kubmetrdən 5 kubmetrə qaldırmışıq. Su problemi olan Yergüc və Ağyazı kənlərinə limitə uyğun su veriləcək. Ötən illərə nisbətən bu il suvarma suyu ilə bağlı çətinlik yoxdur. Mənbələrdə su ehtiyatımız var. Vətəndaşları suvarma suyundan növbəli şəkildə istifadə etməyə çağırırıq. Bütün mövcud imkanlardan istifadə olunmaqla sakinləri suvarma suyu ilə təmin edəcəyik", - K.Əliyev bildirib.
Rəylər