Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Xocəsən sakinləri çarəsiz qalıblar: "Su yolları yuyub, kanalizasiya boruları üzə çıxıb"
Binəqədi Rayonu, Xocəsən qəsəbəsinin sakinləri küçələrindəki acınacaqlı vəziyyətdən şikayətçidirlər.
Bununla bağlı Oxu.Az-a şikayət ünvanlayan sakinlərin sözlərinə görə, Xocəsən qəsəbəsinin Turaclı küçəsində vəziyyət o yerə çatıb ki, artıq darvazadan çölə çıxmaq mümkün deyil.
"Su bütün yolu yuyub aparıb. Vəziyyət o həddə çatıb ki, yolun altında qonşuların çəkdiyi kanalizasiya boruları üzə çıxıb. Hər yerə müraciət etmişik. Bütün qurumlar deyirlər ki, bizlik deyil. Rayon icra hakimiyyətindən isə nə baxan, nə də tədbir görən var", - deyə şikayətdə qeyd olunur.
Məsələ ilə bağlı Oxu.Az-ın sorğusunu cavablandıran Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Anar Nəcəfli bildirib ki, həmin ərazilər agentliyin balansında deyil.
Binəqədi Rayon İcra Hakimiyyətindən isə Oxu.Az-ın sorğusunu cavab olaraq fakt təsdiqlənib.
Qeyd olunub ki, Xocəsən qəsəbəsində kanalizasiya sistemi mövcud deyil.
"Bildirmək istəyirik ki, Xocəsən qəsəbəsi, su-kanalizasiya problemlərinə köməklik göstərilməsi ilə əlaqədar "Azərsu" ASC-yə (indiki "İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti" PHŞ-ə - red.) rayon icra hakimiyyəti tərəfindən müraciətlər edilib.
Əlavə olaraq bildirmək istərdik ki, aidiyyəti qurum tərəfindən həmin ərazidə yeni xətlərin çəkilməsi məqsədilə layihələndirmə işlərinin yekunlaşıb və problemin aradan qaldırılması istiqamətində işlərin görüləcəyi barədə məlumat verilib.
Asfalt örtüyün yenidən qurulması ilə bağlı bildiririk ki, sözügedən ünvanda qəsəbədaxili asfalt örtüyünün yenidənqurma və təmiri mərkəzləşdirilmiş qaydada dövlət proqramları çərçivəsində tərəfindən həyata keçirilir. Həmin ünvanda adıçəkilən problemin həlli ilə bağlı bildirmək istəyirik ki, Binəqədi Rayon İcra Hakimiyyəti tərəfindən aidiyyəti qurumlara müraciət edilib".
İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən isə Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, sakinlərin primitiv üsulla çəkdikləri xətlər səbəbindən yağış yağanda çökək yerlərə su yığılır:
"Rayon Sukanal İdarəsinin qəza xidməti yaranan tutulmanı aradan qaldırıb".
Əzizə İsmayılova
Rəylər