Azərbaycana gətirilən benzin və dizellə işləyən minik avtomobillərinin sayı azalıb.
Dövlət Gömrük Komitəsinin məlumatına görə, 2024-cü ilin yanvar-iyul aylarında ölkəyə idxal olunan bu cür maşınların sayı 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 23 faiz az olub.
Bundan başqa, bu tip avtomobillərin orta idxal qiymətində cüzi ucuzlaşma qeydə alınıb. Hibrid mühərrikli avtomobillərə gəlincə, 2024-cü ilin ilk 7 ayında ölkəyə gətirilən bu maşınlar ötən ilin eyni dövrünə nisbətən orta hesabla 30 faiz bahalaşsa da, sayı 34 faiz artıb.
Elektromobillərin idxalı isə 20 faiz artıb, qiyməti 3 faizə yaxın azalıb.
Bəs yanacaqla işləyən nəqliyyat vasitələrinə maraq niyə azalıb?
Nəqliyyat eksperti Eldəniz Cəfərov mövzu ilə bağlı qeyd edib ki, bu tendensiya bütün dünyada var:
"İqlim dəyişikliyi ilə bağlı problemlərdən sonra ölkələr insanları daha çox ekoloji cəhətdən təmiz nəqliyyat vasitələrini istismar etməyə sövq edirlər. Bununla bağlı müxtəlif həvəsləndirici addımlar atılır. Azərbaycanda da iki il əvvəl ölkəyə idxal edilən yeni hibrid avtomobillər əlavə dəyər vergisindən azad olunub".
Ekspert deyir ki, hazırda ölkəyə gətirilən yeni avtomobillərin təxminən 20 faizi hibrid mühərrikli, 5 faizi isə elektromobildir. Yaxın 5 ildə hibrid mühərrikli nəqliyyat vasitələri üzrə bu göstəricinin 30, elektromobillər üzrə isə 15 faizə yüksələcəyi gözlənilir.
Daha ətraflı Baku TV-nin materialında:
Yanacaqla işləyən avtomobillərə maraq niyə azalıb?
Rəylər