Azərbaycanda yeni dələduzluq növü yaranıb.
Oxu.Az bildirir ki, sosial şəbəkə istifadəçilərindən biri özünə məxsus olan avtomobildən başqa bir şəxsin qeyri-qanuni şəkildə istifadə edərək insanları aldatdığını iddia edib.
O, paylaşımında qeyd edib ki, yol kənarında saxladığı avtomobilinin şəkilləri tanımadığı şəxs tərəfindən çəkilərək elan saytında dəyərindən ikiqat aşağı qiymətə yerləşdirilib. Əlavə edib ki, zəng vuran potensial alıcılardan isə maşının müştərisinin çox olduğu bəhanəsilə əldən çıxmaması üçün beh ödənilməsi tələb olunub.
Məsələ ilə bağlı Oxu.Az-ın sorğusuna cavab olaraq Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin bölmə rəisi Nurlan Əliyev bildirib ki, sosial media və elan saytları üzərindən ticarət edən vətəndaşlar diqqətli olmalıdırlar, çünki həm satan, həm alan tərəf dələduz ola bilər:
""Bu cür zənglər vətəndaşların sayta yerləşdirdiyi elanlarla bağlı ola bilər, yaxud əksinə, dələduz diqqəti cəlb etmək məqsədilə elan saytlarına real dəyərindən qat-qat aşağı qiymətə məhsul yerləşdirir. Əlaqə yaradanda isə özünün ölkədə olmadığı, yaxud uzaq məsafədə olduğunu əsas gətirərək ödənişi onlayn yolla edəcəyini və yaxud alacağını bildirir.
Eləcə də, dələduzlar vətəndaşlara xarici nömrələrdən zəng edərək və ya "WhatsApp" mesenceri vasitəsilə yazaraq guya alacaqları məhsulun ödənişini etmək məqsədilə onların şəxsi bank kartı məlumatlarını, yəni kart sahibinin adı, soyadı, kartın son istifadə tarixi, CVV nömrəsi və təsdiq kodunu ("3D secure") əldə etməyə çalışırlar. Bundan sonra dələduzlar kart sahiblərinin xəbərləri belə olmadan onların hesablarından onlayn ödənişlər həyata keçirir, yaxud şəxsin adına onlayn qaydada kredit götürərək həmin vəsaitləri mənimsəyirlər".
DİN rəsmisi vurğulayıb ki, dələduzluğun qurbanı olmamaq üçün vətəndaşlar heç bir halda şəxsi və bank kartı məlumatlarını heç kimlə paylaşmamalıdırlar.
Aytac Qasımova
Rəylər