"Əməkdaşımız xaricdən gələn qonaqlarla Quba-Qusar bölgəsindəki iaşə obyektlərinin birinə yaxınlaşıb. Menyu üzərindən yemək sifariş verib və gözləyiblər. 40-50 dəqiqədən sonra ofisiant qayıdaraq yüksək tonla "bu yemək bizdə yoxdur, hazırlaya da bilmərik", - deyib. Azərbaycan Turizm Bələdçilər Assosiasiyasının (ATBA) layihə meneceri Fərhad Əkbərlinin nəql etdiyi hadisə respublikamızın bütün turizm bölgələrindəki iaşə obyektləri üçün xarakterikdir.
"Kaspi" qəzetinin mövzu ilə bağlı məqaləsini təqdim edirik:
"Burada yemək verilmir…"
Kənd turizmi əyləncəsi şəhər sakininin adi tətilinə bənzəmir. Bəzən insanlar mobil şəbəkənin olmadığı, yaşıllığın bol olduğu, sakitliyin hökm sürdüyü yerdə istirahət etmək istəyirlər. Yayın gəlişi belə səfərlər üçün ən yaxşı fürsətdir. Həftə sonları paytaxtdan tətil və ya məzuniyyət günləri regionlara yol alan maşın karvanları da buna misaldır. Yol boyu hərəkət edən sürücülərə və ya qonaqlara isə arabir dayanmaq, istirahət etmək, bir tikə çörək yemək və ya çay-su içmək lazım gəlir. Təbii ki, yol kənarındakı hər hansı kafe və restoranın əsas vəzifəsi ilk növbədə potensial auditoriyasına – gələn turistlərə diqqət yetirmək olmalıdır. Xidmət dedikdə isə təkcə yemək və ya çay təqdim etməyi deyil, ünsiyyət bacarığının, etiket qaydalarının, köhnə ənənələrin və ən müasir yeniliklərin, eləcə də incə psixoloji texnikanın birləşməsi nəzərdə tutulur. Bəzən yaxşı interyer və ləzzətli yeməklər bu cür işçilərin zəif və naşı fəaliyyətini kompensasiya edə bilmir. Ekspertlərin ümumi fikrinə görə, inkişaf üçün digər tələblərə - məsələn, xidmətin rahatlığı, sürücülərin ehtiyaclarını nəzərə almaq, xoş mühit, dadlı yemək, sərfəli qiymətin olması, ofisiantların xidmət səviyyəsinin yüksəldilməsi, sanitar qovşağının təmizliyi kimi məqamlara diqqət yetirmək lazım gəlir.
Təəssüf ki, bizdə bu istiqamətdə real vəziyyət o qədər də ürəkaçan deyil. Bəzi istisnalarla yol kənarındakı iaşə obyektləri "özfəaliyyət" təsiri bağışlayır.
"Yolkənarı iaşə obyektlərində xidmət səviyyəsinin aşağı olmasının səbəbi nədir?", - deyə soruşduğumuz turizmçilərin fikirləri də mənzərəni daha aydın təsəvvür etməyə imkan yaradır.
Pul xərcləmək istəmirlər
ATBA-nın layihə meneceri Fərhad Əkbərli də təsdiqləyib ki, bu kimi problemlərə tez-tez rast gəlinir:
"Xidmət səviyyəsi ilə bağlı şikayətlər çoxdur. Turistlərlə birgə bölgələrə səfər edən bələdçilərimiz vəziyyətlə bağlı bizi məlumatlandırırlar. Problemin başlıca səbəbi restoran sahiblərinin işə peşəkarları deyil, tanışlarını cəlb etmələridir. Kənardan hansısa bir təlimçi də cəlb etmirlər ki, onlara təlim keçsin. Bunun üçün pul xərcləmək istəmirlər. Bu cür obyektlərdə çalışan ofisiantların əksəriyyətinin elementar xarici dil bilgiləri də yoxdur. Hətta bu problemlərə bizim beşulduzlu hotellərdə də rast gəlinir. Bələdçilər ən çox ofisiantların normal davranışının, ünsiyyətinin olmamasından şikayətlənirlər. Bəzən milli mətbəxə məxsus yeməklərin təqdim olunmaması ilə rastlaşırsan. Məsələn, bir həftə əvvəl Macarıstandan gələn qonaq üçün bələdçi "səbzi plov" bişirilməsini istəyib. "Noxudlu plov var", - deyə cavab verilib. Qonaq da "o plovu Özbəkistanda yemişəm", - deyib".
F.Əkbərlinin sözlərinə görə, problemlərlə bağlı mərkəzi strukturlara şikayətlərini bildiriblər:
"Peşə Təhsili Agentliyi ilə görüşlərimizdə deyirik ki, tur agenti, kulinariyaçı, ofisiant yetişdirin".
"Yolkənarı iaşə obyektlərinin səviyyəsi yüksəldilməlidir"
Kənd Yaşıl Turizminin İnkişafına Dəstək İctimai Birliyinin sədri Qəhrəman Yusupov bildirib ki, turist qrupları ilə səfərə çıxdıqda hansı məkanda dayanıb yemək yeyilməsi əvvəlcədən planlaşdırılır:
"Elə obyektlərdə yemək yeyilir ki, onlarla qabaqcadan razılaşma olur. Həmin obyektin rəhbərliyi bizim şirkətləri tanıyır. Obyektə çatmamışdan yarım saat qabaq zəng edib turda iştirak edənlərin sayını deyir və xahiş edirik ki, münasib yemək olsun. Həmçinin, stolu hazırlasınlar ki, ofisiantların işini gözləməyək. Menyu əvvəldən danışılır və qiymətlər təqribi razılaşdırılır".
QHT rəhbərinin sözlərinə görə, yol kənarındakı iaşə obyektləri özəl olduğu üçün onların işinə müdaxilə edə bilmirlər:
"Təbii ki, yolkənarı iaşə obyektlərinin səviyyəsi yüksəldilməlidir. Qida Təhlükəsizliyi Agentliyi və Respublika Gigiyena və Epidemiologiya Mərkəzi onların işinə nəzarət etməlidir".
Sanitar qovşaqlarının vahid standartı olmalıdır
Yol kənarında yerləşən iaşə obyektlərində sanitar qovşaqlar problemi də aktualdır. ATBA-nın üzvü, bələdçi Kamil Ağayev "bu, bizim yaralı yerimizdir", - deyib. Onun sözlərinə görə, yol kənarlarındakı iaşə obyektlərinin sanitar qovşaqlarının təmizliyi əsas problemdir:
"Yola çıxarkən dayanacağımız yol kənarındakı iaşə obyektinin sanitar qovşağının vəziyyəti haqqında düşünürük ki, turistlərin yanında biabır olmayaq".
Bələdçi hesab edir ki, ölkə üzrə iaşə obyektlərinin sanitar qovşaqlarının vahid standartı hazırlanmalıdır:
"Obyekt magistral yolun üstündədirsə, orada daim xadimə olmalıdır. Xidmət pullu olmalıdır ki, sanitar qovşaqlar təmiz olsun".
"Hamısını birdən düzəltmək mümkün deyil"
ATBA-nın üzvü Asya Şirəliyeva bildirib ki, turizm şirkətlərinin təmsilçiləri qruplar gəlməmiş bölgələrə reydə çıxırlar:
"Restoranları yoxlayır və gələn qonaqları yalnız yoxladığımız restoranlara aparırıq. Qrupları təsadüfi seçdiyimiz restoranlara aparsaq, xoşagəlməyən vəziyyətlə qarşılaşarıq". Turizmçinin fikrincə, bu problemi birdən-birə həll etmək mümkün deyil: "Yol kənarlarında restoran və kafelər çoxdur. Onların hamısını birdən düzəltmək mümkün deyil. Servis məsələsi pisdir. Bəzən gözləyirsən, gəlib yaxınlaşmırlar. Bəzən də yaxınlaşırlar, amma xidmət müddəti uzun olur. Turist qrupları proqram əsasında işləyir. Nahara bir saat vaxt ayrılır. Amma vaxtında olmayan xidmət üzündən belə məkanlardan iki saata çıxmaq olmur".
Dövlət Turizm Agentliyindən qeyd edilib ki, COP29-a hazırlıqlar çərçivəsində hotellər və digər yerləşmə vasitələrində veqan və vegetarian olmaqla, xüsusi menyuların hazırlanması və mətbəx idarəedilməsi ilə bağlı təlimlərin keçilməsi planlaşdırılır.