13 noyabr 2024-cü il tarixində "Excelsior" hoteldə "Azərbaycan Sənaye Təhlükəsizliyi Assosiasiyası" İctimai Birliyi və "Henley and Partners" şirkətinin birgə təşkilatçılığı ilə "İnkişaf Etməkdə Olan Kiçik Ada Dövlətləri üçün İnnovativ İqlim Maliyyələşdirmə Təşəbbüsü" adlı beynəlxalq tədbir uğurla baş tutub.
Tədbirin əsas məqsədi COP29-un iqlim maliyyələşdirilməsi üzrə əsas mövzularını müzakirə etmək, İnkişaf Etməkdə Olan Kiçik Ada Dövlətlərinin (SIDS) və digər həssas ölkələrin dayanıqlıq təşəbbüslərinə investisiyaların cəlb edilməsində rol oynamaq, bioloji müxtəlifliyi qorumaq, innovativ maliyyə səfərbərliyi strategiyalarını irəli sürmək və iqlim dəyişikliyinin pisləşən qlobal təsirlərinə qarşı kollektiv məsuliyyəti gücləndirmək olub.
Tədbiri "Qlobal Humanitar Təşəbbüslər (HGI)" təşkilatının direktoru Enola-Qey Edvard açıb. O, iqlim maliyyəsinin əhəmiyyətini vurğulayaraq beynəlxalq ictimaiyyətin inkişaf etməkdə olan ölkələrə dəstəyinin zəruriliyini önə çəkib və maliyyə resurslarının artırılmasının vacibliyindən bəhs edib.
Nauru Respublikasının iqlim dəyişikliyi və milli davamlılıq naziri Asterio Appi çıxışında Naurunun iqlim dəyişikliyinə qarşı mübarizədə yaşadığı çətinliklərdən və bu sahədə innovativ maliyyə mexanizmlərinin əhəmiyyətindən söz açıb. O, bu maliyyə təşəbbüsünün, həmçinin Nauru İqtisadi və İqlim Davamlılığı Vətəndaşlıq Proqramının Cənubi Sakit Okean regionunda davamlılıq layihələrinə və ekosistemlərin qorunmasına dəstək baxımından əhəmiyyətli olduğundan bəhs edib.
Tədbirdə növbəti çıxışı Nauru İqtisadi və İqlim Davamlılığı Vətəndaşlıq Proqramı Ofisinin uyğunluq direktoru İsa Seouya edib. O, vətəndaşlıq proqramlarının davamlılıq təşəbbüslərinə dəstək üçün təmin etdiyi maliyyə imkanlarından bəhs edib, proqramın sadələşdirilmiş yolla həm Nauru, həm də ekoloji davamlılığa investisiya cəlb edərək töhfə verdiyini qeyd edib.
Maldiv Respublikasının keçmiş Prezidenti və Həssas İqlim Forumunun Baş katibi Məhəmməd Naşid çıxış edərək, kiçik ada dövlətlərinin qlobal iqlim dəyişikliyinin təsirlərinə qarşı mübarizədə daha böyük maliyyə dəstəyinə ehtiyacı olduğunu vurğulayıb. O, beynəlxalq ictimaiyyətin bu ölkələrə maliyyə yardımlarını artırmasının vacibliyindən danışıb və kiçik ada dövlətlərinin üzləşdiyi iqlim təhdidlərinə diqqət çəkib.
"Azərbaycan Sənaye Təhlükəsizliyi Assosiasiyası" İctimai Birliyinin sədr müavini Cabir Süleymanlı çıxışında qeyd edib ki, ölkə başçısı da Azərbaycanın inkişaf etməkdə olan kiçik ada dövlətlərinə dəstək göstərməsini mənəvi borc hesab etdiyini bildirib. O, Azərbaycanın bu ölkələrə həm maddi, həm də siyasi dəstək verdiyini və bu istiqamətdə səylərin davam etdirildiyini qeyd edib. Sədr müavini həmçinin bildirib ki, Azərbaycanın COP29-a sədrliyi dövründə kiçik ada dövlətlərinin ehtiyaclarına xüsusi diqqət yetirilir və onların səsinin yüksək səviyyədə eşidilməsi təmin edilir. O, qeyd edib ki, bu yanaşma Azərbaycanın qlobal iqlim dəyişikliyi ilə mübarizədə həmrəyliyə və əməkdaşlığa verdiyi önəmi göstərir.
Tədbirin sonunda jurnalistlər üçün sual-cavab sessiyası keçirilib və müzakirə olunmuş mövzulara dair suallar cavablandırılıb.
Rəylər