ABŞ Gizli Xidməti səhvən 11 sentyabr 2001-ci il terror aktını törədən intiharçı terrorçuları faciənin qurbanları sırasına daxil edib.
Oxu.Az bu barədə "Daily Caller" portalına istinadən xəbər verir.
"Qərargahımızda asılan bayraq 11 sentyabr faciəsinin kədərli xatirəsidir. Azadlıq və qurban simvolu olan bu bayraq həlak olan 2 996 nəfərin xatirəsini yad edir", - portal Gizli Xidmətin "X" sosial şəbəkəsindəki paylaşımından sitat gətirib. Qeyd olunur ki, terror aktında həlak olanların göstərilən sayına onu törədən "Əl-Qaidə" terror qruplaşmasının 19 intiharçısı da daxildir. Beləliklə, faciənin qurbanlarının sayı 2 977 nəfər olub. Portal dəqiqləşdirib ki, ABŞ Gizli Xidməti həmin gün səhvən edilən postu silib və onu düzəldilmiş versiya ilə əvəz edib.
Qeyd edək ki, 2001-ci il sentyabrın 11-də "Əl-Qaidə" qruplaşmasından olan 19 terrorist ABŞ-də dörd sərnişin təyyarəsini ələ keçirib. Onlardan ikisini o zaman Nyu-Yorkun ən hündür binaları olan Dünya Ticarət Mərkəzinin qüllələrinə, üçüncüsünü isə Vaşinqton ətrafında yerləşən Pentaqon binasına yönəldiblər. Dördüncü təyyarə də ABŞ paytaxtına doğru uçurdu, lakin Pensilvaniya ştatında Şanksvill şəhəri yaxınlığında qəzaya uğrayıb. Terror aktları nəticəsində 2 977 nəfər həlak olub.
Rəylər