Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Alimlər təəccüb içindədirlər: 3500 il əvvəl yaşamış "Qışqıran qadın" mumiyasının sirri nədir?
3500 il əvvəl yaşamış "Qışqıran qadın" mumiyası alimləri təəccübləndirib.
1935-ci ildə kəşf edilən mumiya ölüm anında ağrıdan qışqırdığı zaman donub qalmış kimi görünür.
Bu barədə Oxu.Az "Sondakika"ya istinadən bildirir.
Məlumata görə, mumiya qara parik və qiymətli üzüklər taxan qadına məxsusdur. Alimlər ən son texnologiyalardan istifadə edərək mumiyanı tədqiq ediblər.
Araşdırmalar göstərib ki, qadın təxminən 48 yaşında və boyu 1.54 metr olub, yüngül onurğa artritindən əziyyət çəkib. Mumiyalama prosesində bahalı materiallardan istifadə edilib ki, bu da qadının əhəmiyyətli bir insan ola biləcəyini göstərir.
Tədqiqatçılardan olan Sahar Saleemin sözlərinə görə, qadının üz ifadəsi "cəsəd spazmı" ola bilər ki, bu da şiddətli və ağrılı bir ölümün göstəricisidir.
Maraqlıdır ki, o dövrün mumiyalama ənənəsinin əksinə olaraq qadının daxili orqanları çıxarılmayıb. Bu hal mumiyanın niyə və necə bu vəziyyətdə qalması ilə bağlı yeni suallar doğurur.
Qədim Misirdə həyat və ölüm haqqında yeni məlumatlar ortaya çıxsa da, "Qışqıran qadın"ın ölüm səbəbi hələ də sirr olaraq qalır.
Rəylər