Braziliya Prezidenti Luis İnasiu Lula da Silva vanna otağında yıxılaraq xəsarət alıb.
Oxu.Az-ın verdiyi məlumata görə, bu barədə "Globo" telekanalı mənbəyə istinadən məlumat verib.
Bildirilir ki, hadisə prezidentin iqamətgahı olan Alvorada sarayında baş verib. Lula da Silva vanna otağına gedib və orada skamyada oturub. Skamya aşıb, Braziliya lideri yıxılaraq ənsəsini zədələyib.
Dövlət başçısı xəstəxanaya aparılıb və başına bir neçə tikiş qoyulub.
MRT kiçik qanaxma göstərib - bu, beyin silkələnməsinin əlamətidir. Bu sahədə onurğa sütunu ilə birləşən ənsə sümüyü və beyinin arxa hissəsində yerləşən ənsə payı var. Nəşrin yazdığına görə, başın bu hissəsinin ciddi zədələnməsi korluğa və ya əşyaları tanıya bilməməyə səbəb ola bilər. Məlumata görə, həkimlər siyasətçiyə Rusiyaya səfərini ləğv etməyi və beyin ödeminin ən kritik olduğu üç gün ərzində istirahət etməyi məsləhət görüblər.
Bununla yanaşı, həkimlər qeyd edirlər ki, prezident yaxşıdır.
Qeyd edək ki, Lula de Silvanın Kazanda oktyabrın 22-24-də keçiriləcək BRICS sammitində iştirak üçün uçuşu oktyabrın 20-si, bazar gününə planlaşdırılırdı. Ancaq aldığı xəsarətə görə o, Rusiyaya gedə bilməyəcək və sammitdə onlayn iştirak etməli olacaq.
Dövlət başçısının Mətbuat Xidməti bildirib ki, xəsarət onun sağlamlığı üçün təhlükə yaratmır.
Rəylər