Rusiyada "Crocus City Hall"da törədilən terror aktı işi üzrə beş yeni müttəhim üzə çıxıb.
Oxu.Az-ın Rusiya KİV-ə istinadən xəbərinə görə, bu barədə Moskva məhkəmələrinin mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, hadisə ilə bağlı daha 5 nəfərin istintaqı davam etdirilir. Söhbət Ş.N.Qadoyev, Z.A.İsmoilov, M.A.Soliev, U.A.Soliev və X.A.Xamidovdan gedir. Avqustun 29-da iş üzrə onların barəsində seçilmiş həbs-qətimkan tədbirinin müddəti dekabrın 1-dək uzadılıb. Bu vaxta qədər onların adları açıqlanmamışdı.
Onlar terror aktında, terror aktına cəhddə, qanunsuz silah və partlayıcı maddələrin dövriyyəsində, terror təşkilatında iştirakda ittiham olunurlar.
Xatırladaq ki, martın 22-də Moskva yaxınlığındakı "Crocus City Hall" konsert zalında törədilən terror aktı zamanı ən azı 145 nəfər ölüb, 550-dən çox insan yaralanıb. Terror aktı ilə bağlı 18 nəfərin həbs edildiyi bildirilib. Daha iki nəfərin isə ölkəni tərk etməsinə qadağa qoyulub.
Rəylər