Ermənistanda konstitusiya referendumunun 2027-ci ildə keçirilməsi planlaşdırılır.
Oxu.Az Ermənistan KİV-ə istinadən xəbər verir ki, bu barədə jurnalistlərə ədliyyə naziri Qriqor Minasyan məlumat verib.
Müddətlər ilkin olaraq konstitusiya islahatı komissiyasının işçi müzakirələri zamanı müəyyən edilib.
Nazirin qeyd etdiyi kimi, kompleks sənəd üzərində ətraflı iş görülməlidir və ictimai müzakirələr aparılacaq.
Onun sözlərinə görə, əvvəlcə mövcud konstitusiyaya dəyişikliklərin edilməsi, yoxsa yeni əsas qanunun qəbul edilməsi ilə bağlı mübahisələr olub və sonda ikinci varianta gəliblər.
"Biz müzakirə etdik və konsensusa gəldik - bizə konstitusiya dəyişiklikləri yox, yeni konstitusiya lazımdır", - deyə Minasyan qeyd edib.
Nazir əlavə edib ki, komissiyanın işçi iclaslarında konstitusiyanın ilk üç maddəsinin dəyişdirilməsi məsələsi müzakirə olunmayıb, İstiqlal Bəyannaməsinə istinadın çıxarılması məsələsinə də baxılmayıb.
Hazırda əsas diqqət sabit parlament çoxluğu mövzusuna yönəlib və qanun islahatlarının təşəbbüskarları bu normanı gələcək konstitusiyada təsbit etmək istəyirlər.
Rəylər