Fransız fermerləri G20 sammitində Avropa İttifaqı Cənubi Amerika ölkələrinin birləşmiş bazarı olan MERCOSUR ilə ticarət sazişi imzalayacağı təqdirdə yeni etiraz dalğasına başlamağa hazırdırlar.
Oxu.Az-ın məlumatına görə, bu barədə "Spectator" məlumat yayıb.
Məqalədə qeyd olunur ki, MERCOSUR ilə saziş təxminən 25 il ərzində hazırlanıb. Bu saziş proteksionist Cənubi Amerika blokunu Avropa ixracı, xüsusilə avtomobil və texnika üçün açacaq. Bu, Almaniya sənayesi üçün əla olsa da, Fransız fermerləri üçün fəlakət olardı. MERCOSUR ilə saziş Avropaya daha çox mal əti, taxıl və şərab tədarük etməyə imkan verəcək. Fransanın əsas fermer birliyi FNSEA artıq hökuməti xəbərdar edib ki, Cənubi Amerika ilə nəzərdə tutulan saziş "qırmızı xət"dir.
Bundan əlavə, fermerlərin əhvali-ruhiyyəsi buğda və üzüm məhsulunun rekord səviyyədə azalması və kənd təsərrüfatı heyvanları arasında epidemiyalar kimi cari problemlərlə də sarsılıb.
FNSEA həmkarlar ittifaqı öz üzvlərini Braziliyada keçiriləcək G20 sammitindən üç gün əvvəl, noyabrın 15-də uzunmüddətli etiraz aksiyasına başlamağa çağırıb, lakin bu məsələdə vahid fikir yoxdur. Fermerlərin bir qismi FNSEA-ya inamsızlıqla yanaşır və bildirir ki, etiraz hərəkatı həmkarlar ittifaqları olmadan da başlaya bilər və bu halda onu nəzarətdə saxlamaq mümkün olmayacaq.
Rəylər