"Gürcüstanın eks-prezidenti Mixail Saakaşvilinin 2016-cı ildə deputat Givi Tarqamadzeyə qarşı sui-qəsd cəhdində əlinin olması istintaqın xüsusi maraq dairəsinə düşməlidir".
Oxu.Az-ın TASS-a istinadən xəbərinə görə, bu barədə Gürcüstanın Baş naziri İrakli Kobaxidze brifinqdə çıxışı zamanı deyib.
Xatırladaq ki, sentyabrda hüquq-mühafizə orqanlarının əməkdaşları qiyabi məhkum olunmuş və 2016-cı ildə Tarqamadzeyə qarşı sui-qəsdin təşkilinə görə axtarışda olan David (Darço) Xeçuaşvilini saxlayıblar. Xeçuaşvili sentyabrın 19-da qanunsuz şəkildə Gürcüstan-Türkiyə sərhədini keçib və sərhədçilər tərəfindən saxlanılıb. Gürcüstan prokurorluğunun məlumatına görə, həbsindən sonra ifadəsində David Xeçuaşvili bildirib ki, Tarqamadzeni izləmək göstərişini o vaxt Ukraynada olan eks-prezident Mixail Saakaşvili verib. Sui-qəsd cəhdi 2016-cı il oktyabrın 4-də - parlament seçkisinə az qalmış baş verib. O zaman içində Tarqamadzenin olduğu avtomobil partladılıb və nəticədə beş nəfər yaralanıb, lakin ölən olmayıb.
"Təqsirləndirilən Darço Xeçuaşvili öz ifadələri ilə təsdiqlədi ki, 2016-cı ildə Mixail Saakaşvili və Giya Lordkipanidzenin (Gürcüstan Daxili İşlər Nazirliyinin keçmiş rəis müavini - red.) iştirakı ilə Givi Tarqamadzeyə nəzarət etmək tapşırığını alıb. Xatırladım ki, xoşbəxtlikdən, insan ölümü ilə nəticələnməyən Givi Tarqamadzenin avtomobilinin partladılması parlament seçkisinə üç gün qalmış ağır bir hadisə idi və çox güman ki, seçkiyə təsir etmək məqsədilə edilmişdi. Bu cinayətdə Mixail Saakaşvili və Giya Lordkipanidzenin izlərinin aşkarlanması düşünməyə vadar edir və istintaqın xüsusi maraq dairəsinə düşməlidir", - deyə Kobaxidze bildirib.
Qeyd edək ki, hazırda Ukrayna vətəndaşı olan Saakaşvili 2013-cü ildə Gürcüstanı tərk edib. 2016-cı ildə Ukraynanın Odessa vilayətinin qubernatoru vəzifəsində çalışıb. Gürcüstanda Saakaşviliyə qarşı dörd cinayət işi açılıb ki, onlardan ikisi üzrə siyasətçi qiyabi olaraq üç və altı il həbs cəzasına məhkum edilib.
2007-ci il noyabrın 7-də müxalifətin mitinqinin dağıdılması, Gürcüstanın "İmedi" teleşirkətinin ofisinin dağıdılması və təxminən 9 milyon lari (3,3 milyon ABŞ dollarından çox) məbləğində dövlət vəsaitinin mənimsənilməsi ilə bağlı işlərə baxılır.
2021-ci ilin oktyabrında Saakaşvili gizli şəkildə Gürcüstana gəlib, lakin saxlanılıb, bundan sonra ona qarşı sərhədi qanunsuz keçməklə bağlı yeni ittiham irəli sürülüb. 2022-ci ilin mayında səhhəti pisləşdiyi üçün hazırda qaldığı Tbilisinin özəl "Vivamed" klinikasına aparılıb.
Rəylər