Fələstinin HƏMAS hərəkatı onların saxladıqları israilli girovların 36 il əvvəl itkin düşmüş pilot Ron Aradın taleyini təkrarlaya biləcəkləri ilə hədələyib.
Oxu.Az xəbər verir ki, bu barədə HƏMAS-ın rəsmi "Telegram" kanalında müvafiq bəyanat dərc olunub.
"(İsrailin baş naziri Benyamin) Netanyahu onlarla yeni Ron Aradın meydana çıxmasını təşviq edir", - bəyanatda bildirilir.
Qeyd edək ki, israilli pilot Ron Arad 1986-cı ildə Səidə şəhəri yaxınlığında döyüş tapşırığı yerinə yetirərkən təyyarəsi qəzaya uğrayıb və Livanın "Amal" hərəkatının tərəfdarları tərəfindən əsir götürülüb. Bundan sonra İsrail dərhal pilotun azad edilməsi üçün danışıqlara başlayıb, lakin iki il sonra müzakirələr dayandırılıb. 1988-ci ildə girov itkin düşmüş hesab edilib, onun yeri və taleyi hələ də məlum deyil.
Xatırladaq ki, bir gün əvvəl İsrail hərbçiləri Rəfah bölgəsindəki yeraltı tunellərdən birində altı ölü girovun cəsədini aşkar ediblər. Yaraqlılar iddia edirlər ki, əsirlər İsrailin bombardmanları nəticəsində həlak olublar, lakin İsrail Səhiyyə Nazirliyi cəsədləri araşdırıb və ölən girovların HƏMAS tərəfdarları tərəfindən yaxın məsafədən vurulduğu qənaətinə gəlib.
Netanyahunun ofisinin məlumatına görə, HƏMAS hazırda 101 nəfəri girov saxlayır. Onlardan 39-u artıq həyatda deyil, radikallar onların cəsədlərini Fələstin anklavında saxlayırlar.
Rəylər