İtaliyanın antiinhisar qurumu "Armani" və "Dior" şirkətlərinin istehsal prosesləri ilə bağlı istehlakçıları aldadıb-aldatmadıqlarını araşdırır.
Oxu.Az CNN-ə istinadən xəbər verir ki, quruma şirkətlərin yerli filiallarının işçilərə çox az maaş verdiyi və onları iş vaxtından artıq işləməyə məcbur etdiyi barədə iddialar daxil olub.
İstintaq Milan prokurorlarının İtaliyada "Dior" və "Armani" üçün dəbdəbəli mallar istehsal edən bir neçə Çin şirkətini işçilərinin hüquqlarını sistematik şəkildə sui-istifadə etməkdə ittiham etməsindən sonra başlayıb.
Səlahiyyətlilərin verdikləri məlumata görə, müstəntiqlər diqqəti "Armani Group"un bəzi firmalarına və "LVMH"ə məxsus "Dior Group"a daxil olan bəzi firmalara yönəldiblər. Həmin şirkətlərin müəssisələrində yoxlamalar aparılacaq. İtaliya qanunlarının pozulması 10 milyon avroya qədər (təxminən 18,6 milyon manat) cərimə ilə nəticələnə bilər.
Qeyd olunur ki, bir çox məşhur moda brendləri uzun müddətdir ki, tədarük zəncirlərində istismarçı əmək şəraiti ilə bağlı iddialarla üzləşiblər. Hər iki moda evi təhqiqatla əməkdaşlıq edəcəyini bildirib.
Rəylər