Rusiyanın Kamçatka diyarında yoxa çıxan helikopterin məxsus olduğu "Vityaz-Aero" aviaşirkətində daha əvvəl də təyyarə qəzaları baş verib.
Oxu.Az-ın "İzvestiya"ya istinadən xəbərinə görə, 2021-ci ilin avqustunda "Mi-8" helikopteri eniş zamanı qəzaya uğrayıb və Kuril gölünün təxminən 100 metr dərinliyinə düşüb. Təyyarədə olan 16 nəfərdən yalnız 8-i sağ qalıb.
Həmçinin aviaşirkətə məxsus başqa bir "Mi-8" vertolyotu 2017-ci ilin aprelində Mutnovski vulkanı ərazisinə sərt eniş edib. Göyərtədə 16 turist və üç ekipaj üzvü olub. Eniş zamanı təyyarənin şassisi qırılıb və nəticədə üç sərnişinin onurğası sınıb.
Eyni zamanda 2015-ci ilin martında baş verən təyyarə qəzasında 3 nəfər yaralanıb, iki nəfər həlak olub. O zaman "Mi-2" helikopteri Yelizovo yaxınlığında qəzaya uğrayıb.
Bu arada sosial şəbəkələrdə Kamçatkada turistlərin yoxa çıxdığı iddia edilən yerin görüntüləri yayımlanıb. Bu, mütəmadi olaraq ekskursiyaların təşkil olunduğu dağ gölüdür.
Hazırda ərazi dumanla örtülüb və bu da helikopterlərin axtarışlarını çətinləşdirir. Siklonla əlaqədar pis hava şəraiti ən azı bir gün də davam edəcək.
Qeyd edək ki, "Mi-8" helikopterinin axtarışları üçün daha bir helikopter yola çıxıb.
Rusiyanın Kamçatka diyarında "Vityaz-Aero" aviaşirkətinə məxsus "Mi-8" helikopteri yoxa çıxıb.
Oxu.Az-ın TASS-a istinadən xəbərinə görə, bu barədə ölkənin əməliyyat xidmətlərindən məlumat verilib.
"Kamçatkada "Vityaz-Aero" aviaşirkətinə məxsus "Mi-8" helikopterinin təyinat yerinə çatmadığı barədə məlumat daxil olub", - deyə mənbə bildirib.
Onun sözlərinə görə, vertolyotun axtarışı üçün aviaşirkətin digər təyyarəsi havaya qalxıb və daha bir "Mi-8" helikopteri, həmçinin yerüstü xilasetmə qrupu marşrut üzrə yola çıxmağa hazır vəziyyətdədirlər.
"Yoxa çıxan helikopter Vaçkajets vulkanı - Nikolaevka kəndi marşrutu ilə hərəkət edib", - deyə əməliyyat xidmətlərinin nümayəndəsi qeyd edib.
"Rosaviasiya"nın (Federal Hava Nəqliyyatı Agentliyi) məlumatına görə, helikopterin göyərtəsində 22 nəfər olub.
Rəylər