Rusiyanın Kamçatka bölgəsinin Sobolevski rayonunun Ustyevoye kəndində bir qrup qatil balina limanın dayazlıqlarında ilişib qalıb.
Oxu.Az-ın Rusiya KİV-ə istinadən xəbərinə görə, bu barədə regionun fövqəladə hallar naziri Sergey Lebedyev öz sosial media hesabında məlumat verib.
"Sobolevski rayonunun Ustyevoye kəndində bir qrup qatil balina limanda "əsir düşüb". Videogörüntülərə əsasən, məməlilərdən biri ölüb. Suyun çəkilməsi prosesi gedir. Balinalara kömək etməyə çalışacağıq", - deyə o bildirib.
Məlumata görə, yerli sakinlər balinaları sulayırlar ki, onlar suyun növbəti qabarmasına qədər sağ qala bilsinlər.
Sergey Lebedyevin sözlərinə görə, limanın dibi lillə örtülü olduğu üçün texnikadan istifadə edərək onları dərinliyə çəkmək mümkün deyil.
"Sənaye müəssisələrinin bütün qayıqları artıq sahilə çıxarılıb", - deyə nazir qeyd edib.
Lebedyev əlavə edib ki, hadisə ilə bağlı regional Təbii Sərvətlər Nazirliyinin əməkdaşları məlumatlandırılıb, xilasedicilər, Kiçik Gəmilər üzrə Dövlət Müfəttişliyi və könüllülər dəniz məməlilərinə kömək etmək üçün plan hazırlayırlar.
Rəylər