"500-dən çox "Millət bağçası" layihəsini həyata keçirən, qorunan əraziləri 2011-ci ildəki göstəricindən iki dəfə çox artıran, meşəsalmada Avropanın lider ölkəsi olan Türkiyə bəyannamədə qeyd olunan yaşıl və qorunan ərazilərin səmərəli idarə edilməsinə dair bütün təcrübəsini bölüşməyə hazırdır".
"Haber Global" xəbər verir ki, bu barədə Türkiyənin ətraf mühit, şəhərsalma və iqlim dəyişikliyi naziri Murat Kurum Bakıda COP29 çərçivəsində keçirilən Türk Dövlətləri Təşkilatının Ətraf Mühit və Ekologiya Nazirlərinin 1-ci Görüşündə bəyan edib.
Nazir vurğulayıb ki, iqlim dəyişikliyi bəşəriyyətin ən böyük problemlərindəndir və son 50 ildə 11 mindən çox təbii fəlakət baş verib, 2 milyondan çox insan həyatını itirib, qlobal miqyasda 4,5 trilyon dollarlıq iqtisadi itki ilə qeydə alınıb.
"Maliyyəyə çıxışı olmayan ölkələr üçün çox vacib qərarların qəbul edilməsi gözlənilir, çünki iqlim dəyişikliyinin təsirlərini hər keçən gün daha çox hiss edirik. Dünyamız əvvəllər görünməmiş təhlükələrlə üzləşir. Bu mənfi vəziyyətlərdən ən çox iqlim dəyişikliyinin yaranmasında heç bir günahı olmayan ölkələr əziyyət çəkirlər", - deyə o bildirib.
Murat Kurum Türk Dövlətləri Təşkilatının üzvlərinin dəstəyi ilə daha ədalətli bir dünyanın qurulması üçün çalışdıqlarını qeyd edib. O, qardaş ölkələrin iqlim dəyişikliyi ilə mübarizədə atdığı addımları, o cümlədən Özbəkistanın Orta Asiya İqlim Dialoqu təşəbbüsünü, Qazaxıstanın 2026-cı ildə keçirəcəyi Regional İqlim Zirvəsini yüksək qiymətləndirib. Nazir, həmçinin, Türk Yaşıl Baxış Sənədinin imzalanmasını tarixi hadisə adlandırıb.
Murat Kurum Türkiyənin ətraf mühit, tullantı suları, sıfır tullantı kimi sahələrdə qlobal mükafatlara layiq görülən təcrübəsini qardaş ölkələrlə bölüşməyə hazır olduğunu bildirib. O, imzalanan bəyannamənin daha yaşıl və firavan Türk dünyası üçün xeyirli olacağına əminliyini ifadə edib.
Rəylər