Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan partiyasının Türkiyə Böyük Millət Məclisindəki qrup toplantısında Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Bağçalının çağırışlarını yüksək qiymətləndirib və təqdir edib.
Bu barədə Oxu.Az "Haber Global"a istinadən xəbər verir.
Bağçalının millətçiliyi ən aydın şəkildə tərif etdiyini deyən Ərdoğan bu çağırışların tarixi fürsətlər təqdim etdiyini vurğulayıb.
Türkiyə prezidenti millətin Türkiyəni terrordan təmizləmək üçün lazımi addımları dəstəklədiyini ifadə edib.
"Kandildəki terror baronlarına çağırış etmirik", - deyə Ərdoğan qeyd edib.
Rəcəb Tayyib Ərdoğan Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Özgür Özelə də təşəkkürünü bildirib və dövlətin hər kəsin dövləti olması lazımlığını vurğulayıb.
Esenyurt bələdiyyə sədri Ahmet Özerin saxlanılmasına toxunan Türkiyə prezidenti qanunsuzluqların ədalət yolunda maneə olduğunu diqqətə çatdırıb.
Kürd vətəndaşlarına səslənən Ərdoğan birlik və həmrəyliyə çağırış edib, terroru qanuniləşdirənlərə qarşı çıxmağın zəruriliyini ifadə edib.
Ərdoğan, həmçinin Türkiyənin Cümhuriyyət Gününü təbrik edərək, milli mübarizədə şəhid olanların xatirəsini yad etməyi də unutmayıb.
Türkiyə lideri, həmçinin Türkiyənin Aviasiya və Kosmik Sənaye Şirkətində (TUSAŞ) törədilən terror aktını pisləyib, yaralananlara şəfa diləyib və yerli müdafiə sənayesinə yatırılan sərmayələrdən danışıb.
Cümhuriyyətin hər kəsin cümhuriyyəti olduğunu bildirən Ərdoğan Türkiyənin sıradan bir dövlət olmadığını, keçmişdən gələn güclü bir millətin dövləti olduğunu vurğulayıb.
Rəylər